Nazarbayevin kürəkəni qətldə ittiham olundu

 Nazarbayevin kürəkəni qətldə ittiham olundu
  20 Dekabr 2013    Oxunub:1254
Rahat Əliyev müxalifətçi Altınbek Sarsenbayevin 2006-cı ildə oğurlanıb öldürülməsində ittiham olunur.
Qazaxıstan prezidenti Nursultan Nazarbəyovun keçmiş kürəkəni, Qazaxıstanın Avstriyadakı sabiq səfiri Rahat Əliyev müxalifət nümayəndəsi Altınbek Sarsenbayevin qətlinin sifarişçisidir.

AzVision.az qazax mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan baş prokurorunun müavini Andrey Kravçenko məlumat verib. Onun sözlərinə görə, əməliyyat-istintaq tədbirləri nəticəsində qətlin sifarişinin Rahat Əliyev və keçmiş Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Alnur Musayev tərəfindən verildiyi müəyyən olunub. Əməliyyat tədbirlərində qazaxlı həmkarlarına Federal Təhqiqatlar Bürosunun əməkdaşları da yardım ediblər.

Yeni ortaya çıxan faktlar bu cinayətə görə, əmlakının müsadirə olunması ilə 20 il azadlıqdan məhrum olunan Qazaxıstan Senatının keçmiş aparat rəhbəri Erjan Utambayevin günahsız olması məsələsini gündəmə gətirib. Qazaxıstan artıq uzun illərdi ki, Avstriyada mühacirət həyatı yaşayan Rahat Əliyevi ölkəsinə ekstradisiya etməyə çalışır.

Xatırladaq ki, Altınbek Sarsenbayev, sürücüsü və mühafizəçisi 2006-cı il fevralın 11-də oğurlanmış və qətlə yetirilmişdilər.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti