Ermənistan ordusunun narkobaron polkovniki - Budağyanın sərgüzəştləri

  08 Yanvar 2020    Oxunub : 1962
 Ermənistan ordusunun narkobaron polkovniki - Budağyanın sərgüzəştləri
Bu günlərdə işğalçı Ermənistan ordusunun 4-cü ordu korpusuna komandir vəzifəsinə polkovnik Artak Budağyan təyin edilib. İlk baxışda təəccüblü olmasa da, özünün cinayətkar sərgüzəştləri ilə ad çıxarmış polkovnikə belə yüksək vəzifənin verilməsi bir çox müəmmalı məqamlardan xəbər verir.
Yayılan məlumata görə, A.Budağyan hələ işğalçı ordunun Əsgəran rayonundakı 1-ci ordu korpusunda alay komandiri vəzifəsində işləyərkən narkotik alveri ilə ciddi məşğul olmaqla külli miqdarda var-dövlət qazanıb.

Xəbərdə deyilir ki, A.Budağyan hələ o vaxtdan qardaşı və vilayət meri tərəfindən yaradılan narkoticarət şəbəkəsinin ən fəal üzvlərindən biri olub. Bu şəbəkənin nə qədər böyük imkanlara sahib olmasını təsəvvür etmək üçün dəstənin bir neçə üzvünün ad və soyadını sadalamaq yerinə düşərdi. Bunlar Sünik vilayətinin sabiq qubernatoru Suren Xaçatryan, onun oğlu Tiqran Xaçatryan və Gorus şəhərinin meri vəzifəsinə keçmiş namizəd, polkovnik A.Budağyanın qardaşı Avetik Budağyandır. Adı çəkilən narkoticarət şəbəkəsinə isə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və qondarma rejimin separatçı rəhbəri Bako Saakyan himayədarlıq edirlər.

Bu şəbəkənin ortaya çıxmasına 2013-cü il iyunun 2-də Sünik vilayətinin sabiq qubernatoru Suren Xaçatryanın Gorus rayonundakı bağ evində baş verən insident səbəb olub. Həmin gün burada toplaşanlar arasında narkotik alverindən əldə olunan gəlirin bölünməsi zamanı münaqişə baş verib. Toplantıda iştirak edən qondarma rejimin separatçı “rəhbəri” Bako Saakyan Budağyan qardaşlarının “məsləhəti ilə” məclisi vaxtından əvvəl tərk edib. Bağ evində baş verən münaqişə sonradan silahlı qarşıdurmaya çevrilib və atışma zamanı polkovnik Budağyanın qardaşı Avetik Budağyan və sabiq qubernatorun cangüdəni öldürülüb, polkovnik özü isə ağır yaralanıb.

Faktla bağlı başlanan istintaq zamanı Suren Xaçatryanın oğlu Tiqran Xaçatryan və onun cangüdəni Z.Nikoqosyan həbs edilir. Hərbi hospitalda müalicə alan polkovnik isə Ermənistan Respublikasının cinayət məcəlləsinin müvafiq maddələri ilə ölümlə hədələmə və sağlamlığa ağır ziyan yetirmədə ittiham olunur. Lakin Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və Bako Saakyanın təhriki ilə polkovnikin hadisədə iştirakı ört-basdır edilməklə “unudulur”. 2014-cü ilə qədər Azərbaycanın işğal edilmiş ərazilərində xidmət edən narkobaron A.Budağyan gördüyü işlərin müqabilində mükafatlandırılaraq daha yüksək vəzifəyə - Ermənistan ordusunun 4-cü ordu korpusuna komandir müavini təyin edilir.

Məqalədə, həmçinin qeyd edilir ki, Artak Budağyan 2012-ci ildə alay komandiri olarkən hərbi hissədə müqavilə əsasında xidmət edən hərbçi qadın Armina Martirosyana qarşı cinsi zorakılıq tətbiq edib. Qadın yuxarı komandanlığa şikayət etdikdən sonra A.Budağyan vəzifədən kənarlaşdırılsa da, Ermənistan siyasi rəhbərliyində və Müdafiə Nazirliyində olan narkobiznes şəriklərinin köməyi sayəsində yenidən vəzifəsinə bərpa olunub.

Bako Saakyanın təşəbbüsü ilə 4-cü ordu korpusu komandiri vəzifəsinə gətirilən polkovnik A.Budağyanın tabeçiliyinə verilən ərazilərdə cinayət əməllərinin və narkotik vasitələrin ticarətinin yüksələn templə davam etdirilməsi onu göstərir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın da buradan əldə edilən gəlirlərdən pay sahibi olması istisna deyil. (AzərTAc)

Azvision.az

Teqlər: Ermənistan   Ordu   Polkovnik   Narkotik