Britaniyalı məşqçi Azərbaycanda təlim keçəcək

  09 Yanvar 2020    Oxunub : 1311
Britaniyalı məşqçi Azərbaycanda təlim keçəcək
Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanda boccia idman növünün inkişafına dəstək olmaq üçün bu ölkənin aparıcı boccia məşqçisi Metyu Kendrikin Bakıya 2 günlük səfərini təşkil edir.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, Metyu Kendrik 10-11 yanvar tarixlərində həm Azərbaycan boccia məşqçiləri, həm də idmançıları üçün Ramanada yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində təlim-məşq toplantısı keçiriləcək.

Bundan əlavə, boccia idman növü haqqında bir neçə maarifləndirici videolar səfirliyin rəsmi səhifəsində paylaşılacaq. Bura Boccianın qaydaları və tarixi, Azərbaycanda bu idmana qoşulanların həyatlarında müsbət dəyişiklilər və məşqçi və idmançıların Metyu Kendrikin səfərindən nələr öyrəndikləri haqqında qısa videolar daxildir.

Məqsəd bu idman növünə diqqət çəkmək və sağlamlıq imkanları məhdud olan şəxslər arasında bu idmana qoşulmaq üçün stimul yaratmaqdır. Videoları izləmək və paylaşmaq üçün bu gündən başlayaraq səfirliyin rəsmi səhifəsini izləyə bilərsiniz. Bütün paylaşımlar #boccia #ukinazerbaijan #bocciainazerbaijan #azparalimpiya #azboccia həştəqləri altında paylaşılacaq.

"Azərbaycanın Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq etməkdən məmnunuq", - deyə qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Britaniya   Səfirlik   Məşqçi