Omanın yeni sultanı məlum oldu

  11 Yanvar 2020    Oxunub : 1927
Omanın yeni sultanı məlum oldu
Omanın yeni sultanı ölkənin mədəniyyət və milli irs naziri Haysam bin Tarek əl Said olub.
Azvision.az xəbər verir ki, bu barədə Oman mətbuatı yazıb. Yeni sultan Oman Şurasında (parlament tipli iki palatalı müşavirə orqanı) and içib.

Xatırladaq ki, 50 il ərzində Omana rəhbərlik etmiş sultan Qabus bin Səid 79 yaşında vəfat edib. Sultanın ölümü ilə əlaqədar ölkədə üçgünlük matəm elan olunub, dövlət bayraqları 40 günlük endirilib.

Qabus bin Səid 2015-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi. Son zamanlar onun vəziyyətinin pisləşməsi barədə xəbərlər yayılmışdı.

1970-ci ildən hakimiyyətdə olan Qabusun övladı olmayıb. O, digər ərəb monarxiyalarının liderlərindən fərqli olaraq, varisinin adını ictimaiyyətə elan etməyib. Konstitusiyaya əsasən sultanı hakim ailə seçməlidir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Oman   Sultan