Xamneyi vurulan təyyarə ilə bağlı göstəriş verdi

  11 Yanvar 2020    Oxunub : 1729
 Xamneyi vurulan təyyarə ilə bağlı göstəriş verdi
İranın Ali lideri Əli Xamneyi hakimiyyətə səhvən vurulan Ukrayna təyyarəsi ilə bağlı istintaqın nəticələrini dərc etməyi göstəriş verib.
Azvision.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

"Ali rəhbərə ölkənin hava qüvvələrinin faciəli səhvi barədə məlumat verildikdən sonra, o, məsələnin araşdırılması üçün İran Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı. Xamneyi iclasın sonunda hadisənin səbəblərinin və istintaqın nəticələrinin dürüst və şəffaf şəkildə yayımlanacağını təsdiqlədi və bununla bağlı göstəriş verdi”,- deyə məlumatda bildirilib.

Xatırladaq ki, Kiyevə uçan “Boeing 737-800” tipli təyyarə Tehran Hava Limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Təyyarədə olan 176 nəfərin hamısı ölüb. Onların arasında İran, Ukrayna, Kanada, Almaniya, İsveç və Əfqanıstandan olan 167 sərnişin və 9 heyət üzvü olub.

Bu gün rəsmi Tehran ölkənin Silahlı Qüvvələri tərəfindən təyyarənin səhvən vurulduğunu etiraf edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   Təyyarə