SEPAH: Ukrayna təyyarəsi “Kruiz” raketi ilə səhv salınıb

  11 Yanvar 2020    Oxunub : 3301
 SEPAH: Ukrayna təyyarəsi “Kruiz” raketi ilə səhv salınıb
İranın hava hücumundan müdafiə sistemi Ukrayna təyyarəsini "Kruiz" raketi ilə səhv salıb.

Azvision.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEHAP) hərbi kosmik qüvvələrinin komandiri Əmir Əli Hacızadə bildirib. O, baş verən hadisəyə görə korpusun tam məsuliyyət daşıdığını və hakimiyyətin istənilən qərarına tabe olmağa hazır olduğunu vurğulayıb.
Əmir Əli Hacızadə əlavə edib ki, hədəf 19 kilometr məsafədə olub. Hava hücumundan müdafiə sisteminin operatorunun komanda ilə əlaqəsi itib və özü təkbaşına qərar qəbul edib. Hədəfin vurulacağına və ya vurulmayacağına dair qərar vermək üçün 10 saniyəsi olub və o, ən pis seçimi edib.

Komandir baş verənlərə görə SEPAH-ın tam məsuliyyət daşıdığını və günahkarlarla bağlı veriləcək istənilən qərarla razılaşacağını vurğulayıb.

Qeyd edək ki, İran rəsmiləri Tehran yaxınlığında Ukraynaya məxsus "Boeing 737-800" təyyarəsinin səhvən vurulduğunu etiraf edib. Hadisə nəticəsində 176 nəfər ölüb. Ölənlər İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşlarıdır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   SEPAH