Orxan Camalın niyə öldürüldüyü açıqlandı - Təfərrüat

  13 Yanvar 2020    Oxunub : 14864
 Orxan Camalın niyə öldürüldüyü açıqlandı - Təfərrüat
2018-ci ilin iyun ayında Mərkəzi Afrika Respublikasında (MAR) qətlə yetirilmiş rusiyalı jurnalistlər – Orxan Camal, Kirill Radçenko və Aleksandr Rastorquevin soyğunçuluq niyyətilə öldürülməsi versiyası təsdiqini tapıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi sədrinin müavini İqor Krasnov “Kommersant” qəzetinə müsahibəsində bildirib.

"Araşdırma zamanı məlum olub ki, bölgədə sistemli ağır cinayətlər törətməkdə olan MAR və ya yaxın ölkələrin sakinləri qətli soyğunçuluq məqsədilə törədiblər", - deyə Krasnov əlavə edib.



Onun sözlərinə görə, O. Camal, K. Radçenko və A. Rastorquev 2018-ci il iyulun 28-də MAR-a turist vizası ilə səfər ediblər: “Onlar Berenqo şəhərində rusiyalı hərbi təlimçilərin düşərgəsinə buraxılmayandan sonra ölkədə gecə vaxtı hərəkətin təhlükəli olması barədə xəbərdarlığa baxmayaraq, naməlum şəxslə görüşmək üçün iyulun 30-da Bambari şəhərinə gediblər. Bundan sonra jurnalistlərin olduğu avtomobil naməlum qaradərili silahlı şəxslər tərəfindən saxlanılıb. Onlar jurnalistlərdən avtomobili tərk etməyi və əşyalarını, o cümlədən fotokamera və videokameranı verməyi tələb ediblər. Jurnalistlər isə bundan imtina etdikdən sonra cinayətkarlar onları güllələyiblər”, - İstintaq Komitəsi sədrinin müavini vurğulayıb.



Xatırladaq ki, jurnalist qrupu rusiyalı müxalif milyarder Mixail Xodorkovskinin sifarişi ilə MAR-da fəaliyyət göstərən qeyri-formal silahlı qrup olan “Vaqner” barədə film çəkmək üçün ora səfər ediblər. Lakin onları həmin qrupun bazasına buraxmayıblar.

Tanınmış hərbi jurnalist, ictimai xadim Orxan Camal görkəmli ictimai-siyasi xadim, islamşünas Heydər Camalın oğludur.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Orxan-Camal