Aprel şəhidinin xanımı KİV-ə müraciət edib

  13 Yanvar 2020    Oxunub : 1606
Aprel şəhidinin xanımı KİV-ə müraciət edib
Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə KİV nümayəndələrinə müraciətdə edib.
Azvision.az xəbər verir ki, müraciətdə deyilir:

"Dəyərli media nümayəndələri və rəhbərləri,

Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri və nəhayət bir azərbaycanlı kimi bu müraciəti hər birinizə ünvanlayıram. Bizlər, ən əziz, yaxın, doğma insanlarımızı Vətənimizin bütövlüyü, azadlığı uğrunda fəda etmiş ailələrik. Güman edirəm ki, sizə, mediada və KİV-də yayılan bəzi xoşagəlməz informasiyalar barədə irad bildirməyə mənəvi haqqımız vardır. Biz Azərbaycan gəncliyinə, övladına hər zaman və hər yerdə şəhidlərimizi və onların döyüş yolunu nümunə göstəririk. Şəhidlərimizin uğrunda canlarını fəda etdikləri dəyərləri yaşadır və təbliğ edirik. Çox istərdik ki, bu müqəddəs dəyərləri təbliğ etməkdə bizim arxamızda olasınız. Cəmiyyəti düzgün və sağlam informasiya ilə təmin etməkdə yardım edəsiniz.

Lakin bəzi KİV sosial şəbəkələrdə bizim müqəddəs bildiyimiz dəyərlərimizi müzakirə obeyktinə çevirərək, şəhid adına yaraşmayan ailə-məişət problemlərini gündəmə gətirir və geniş müzakirə mövzusuna çevirir. Xatırladım ki, şəhid ailələrinin daxili ailə problemi ictimai müzakirə mövzusu ola bilməz! Bu zaman biz cəmiyyət olaraq dəyərlərimizə və sayğı duyduğumuz insanlara inamı itirəcəyik. Gəlin, qəhrəmanlarımızı təbliğ edək, onların uğrunda can verdikləri Vətənimizi tanıdaq, Azərbaycanımızı 30 ildir didib-parçalayan Qarabağ problemini gündəmdən düşməyə qoymayaq. İnanıram ki, müraciətimizə diqqət və sayğı ilə yanaşacaqsınız".

Azvision.az

Teqlər: Müraciət   Şəhid   Həyatyoldaşı