Putin Konstitusiyanın dəyişdirilməsini təklif edib

  15 Yanvar 2020    Oxunub : 2139
 Putin Konstitusiyanın dəyişdirilməsini təklif edib
Rusiya Prezidenti Vladimir Putin bu gün Federal Məclisə müraciəti zamanı ölkə Konstitusiyasına bir sıra düzəlişlər edilməsini və onların səsverməyə çıxarılmasını təklif edib.

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Putinin sözlərinə görə, bu gün bəzi siyasətçilərin bəyan etdikləri kimi, yeni bir fundamental qanunun qəbuluna ehtiyac yoxdur.
“1993-cü ildə qəbul edilmiş Konstitusiyasının potensialı hələ tükənməyib", deyən Putin düzəlişlər təklif edib: "Beynəlxalq hüquq və müqavilələrin tələbləri, habelə beynəlxalq qurumların qərarları Rusiya ərazisində yalnız insan və vətəndaş hüquqlarına, azadlıqlarına məhdudiyyətlər gətirməyəcəyi və konstitusiyamıza zidd olmayacağı halında işləyə bilər".

Təklif olunan bir sıra dəyişikliklər isə ölkədəki yüksək vəzifələrə namizədlərlə bağlıdır. Putin təklif edib ki, ən azı 25 il müddətində Rusiya ərazisində yaşayan və heç bir zaman xarici vətəndaşlıq və ya yaşayış icazəsi almayan Rusiya vətəndaşı prezidentlik uğrunda mübarizə apara bilər.

Rusiya lideri prezidentlik müddətinin məhdudlaşdırılması məsələsini prinsipial hesab etmədiyini də söyləyib. O, Konstitusiyada vahid dövlət hakimiyyəti sisteminin prinsiplərini möhkəmləndirmək, dövlət və bələdiyyə orqanları arasında səmərəli qarşılıqlı əlaqə yaratmağın zəruriliyini diqqətə çatdırıb.

Bundan əlavə, Putin Dövlət Dumasının Baş Nazir və Baş Nazir müavinlərinin, federal nazirlərin təsdiq olunmasını təklif edib.

“Rusiya güclü prezident respublikası olaraq qalmalıdır. Bizim vətəndaşlarımız hakimiyyətin əsas güc mənbəyidir. Hər bir məsələ ilə bağlı əlbəttə ki, xalqımız qərar verəcək”, - Rusiya lideri əlavə edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Putin