Müxalifət İsa Qəmbərin təklifinə cavab vermir

Müxalifət İsa Qəmbərin təklifinə cavab vermir
  21 Dekabr 2013    Oxunub:1174
Müsavat başqanı İsa Qəmbərin Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) və “El” hərəkatı rəhbərlikləri ilə görüşlərində təklif etdiyi müttəfiqlik sazişinə hələ də cavab verilməyib. Milli Şurada təmsil olunan partiyalar Müsavata cavab verməyə tələsmir.

KXCP sədrinin müavini Xəzər Teyyublu AzVision.az-a açıqlamasında bildirib ki, bu barədə müzakirədən sonra qərar veriləcək: “Bizim partiyada bu təkliflə bağlı müzakirələr gedir. Müzakirə edib bundan sonra ortaya mövqe qoyacağıq”.

“El” hərkatının üzvü Eldəniz Quliyev Müsavatn təklifə hərəkatın İdarə Heyətinin toplantısından sonra cavab veriləcəyini deyib.

“Biz bu təklifi müsbət qarşıladıq. Düşünürük ki, əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq. Qərara gəldik ki, “EL” hərəkatının iclasında bunu müzakirə edib konkret qərarımızı deyək”.

E.Quliyev qeyd edib ki, gələn həftənin əvvəlində hərəkatın İdarə Heyətinin toplanacağı gözlənilir.

AXCP sədrinin müavini Həsən Kərimov bu təklifi müzakirə etdiklərini Müsavatın diqqətinə çatdırıb.

“Partiyanın Rəyasət Heyətinin növbəti iclasında bu məsələ müzakirə olunacaq və bundan sonra Müsavat Partiyasına rəsmi cavab veriləcək. Rəyasət Heyətinin gələn həftənin bazar ertəsi günü toölanacağı gözlənilir”.

Qeyd edək ki, Müsavat Partiyası başqanı İsa Qəmbər və onun müavinləri AXCP, KXCP və “EL” hərəkatı rəhbərliyi ilə görüşlər keçirib. Bu görüşlərdə hər üç quruma əməkdaşlıq sazişinin imzalanması təklif olunub.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti