Taekvondo Federasiyası hesabat verdi

Taekvondo Federasiyası hesabat verdi
  17 Yanvar 2020    Oxunub:2648
Azərbaycan Taekvondo Federasiyasında (ATF) ötən ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.
Azvision.az xəbər verir ki, yığıncaqda ATF-in vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, baş katib Həmdiyyə Məmmədov, nəzarət təftiş komitəsinin sədri Vüqar Məmmədov, hakimlər komitəsinin sədri - baş hakim, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev, Dünya Taekvondo Federasiyasının nümayəndəsi, məşqçi heyəti və idmançılar da iştirak ediblər.

N.Səfərov hesabat məruzəsi ilə çıxış edərək, 2019-cu ildə federasiyanın ümumi fəaliyyətindən, əldə olunan nailiyyətlərə görə ilin uğurlu keçdiyini vurğulayıb: “Böyüklərdən ibarət millinin üzvü Milad Beiqi Harçeqaninin ikinci dəfə dünya çempionatının qalibi olması, qarşıdan gələn Olimpiadaya lisenziyanın təmin etməsi, eləcə də para-taekvondo yığmasının qadın üzvü Aynur Məmmədovanın dördüncü dəfə Avropa çempionu olması buna bariz nümunədir. Apreldə İtaliyanın Milan şəhərində keçiriləcək Avropa qitəsinin lisenziya turnirində isə daha üç idmançımızın şansı əldən verməyəcəyinə ümidvarıq”.

O, məşqçi heyətinə və idmançılara qarşıdakı yarışlarda da uğurlar arzulayıb.

N. Paşayev də hədəflərin böyük olduğunu iştirakçıların nəzərinə çatdırıb. O bildirib ki, artıq bir lisenziya əldə olunub: “2019-cu ildə federasiyamızın idmançıları rəsmi yarışlardan otuz medal, para-taekvondoçularımız isə yarışlarından dörd medal əldə ediblər. Qarşıda bizi mötəbər yarışlar gözləyir. Yeniyetmələrin Avropa birinciliyi və gənclərin dünya birinciliyi kimi yarışlarımız var. Bu il bizi Olimpiadaya əlavə lisenziya qazanmağımız üçün şansımız da var. Analoji yarışa para-taekvondoçularımız da beş nəfərlə qatılacaq. Fikrimcə idmançılarımız bu şansdan yararlanmağa çalışacaqlar”.

Ardınca G. Abdullayev və V. Məmmədov da çıxış edərək, ili dəyərləndiriblər.

Yekunda il ərzində yüksək nəticələr göstərmiş idmançılar, onların məşqçiləri, yığma komandaların məşqçilər korpusu federasiyanın fəxri fərmanları ilə təltif edilib. Onlar hədiyyələrlə də mükafatlandırılıblar.

Azvision.az



Teqlər: Taekvondo   Hesabat  





Xəbər lenti