Jurnalistlər üçün müsabiqə elan olundu - FOTO

Jurnalistlər üçün müsabiqə elan olundu - FOTO
  21 Dekabr 2013    Oxunub:1914
Azərbaycan Mətbuat Şurası və "Azərsun Holdinq" jurnalistlər üçün müsabiqə elan etdi.
Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) və "Azərsun Holdinq"in birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında "Zeytun Bağları" Azərbaycan zeytununun şöhrəti" mövzusunda yazı müsabiqəsinin başlandığı elan olunub. Bununla bağlı Şurada keçirilən mərasimdə MŞ İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri və jurnalistlər iştirak ediblər.
Şuradan Trend-ə verilən məlumata görə, toplantını giriş sözü ilə MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə açaraq bildirib ki, Şuranın müxtəlif qurumlarla birgə jurnalistlər üçün yazı müsabiqələrini keçirməsi artıq ənənəyə çevrilib. Mövcud mənada "Azərsun Holdinq"lə əməkdaşlıq xüsusilə əhəmiyyətlidir. "Belə yaradıcılıq müsabiqələri jurnalistlərin ayrı-ayrı sahələr üzrə ixtisaslaşması işinə yaxından töhfə vermək baxımından da xüsusi önəm daşıyır. Elan etdiyimiz müsabiqənin media nümayəndələrini zeytunçuluq kimi qədim ənənələrə malik sahənin təbliğinə stimullaşdırması xüsusilə sevindirici haldır. Hesab edirəm ki, ayrı-ayrı qələm sahiblərinin məsələyə diqqət göstərməsi nəticəsində nəinki zeytunçuluğa maraq artacaq, eyni zamanda, onun dünya miqyasında Azərbaycan məhsulu kimi tanıdılması işində də konkret nəticələr əldə olunacaq", - deyən V.Rəhimzadə müsabiqədə iştirak edəcək kütləvi informasiya vasitələri təmsilçilərinə uğurlar arzulayıb.

"Azərsun Holdinq"in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov təmsil olunduğu qurumun fəaliyyət istiqamətləri ilə bağlı geniş söhbət açaraq bunların içərisində "Zeytun bağları" yağ markasına xüsusi önəm verildiyini vurğulayıb. O bildirib ki, Mətbuat Şurası ilə birgə keçirilən müsabiqə zeytun ağaclarının qorunması və zeytunçuluğa olan marağı artırmaq məqsədi daşıyır. "Müsabiqə yalnız ilk addımımızdır. Onun yekunlarının açıqlanacağı mart ayında jurnalistlərin iştirakı ilə zeytun ağaclarının əkilməsi aksiyanı da reallaşdırmaq istəyirik", - deyən A.Səfərov "Zeytun bağları"nın Azərbaycanın yağ brendi kimi dünyada tanıdılmasının da müstəsna səciyyə daşıdığını vurğulayıb və "Azərsun Holdinq"in mövcud istiqamətdə gördüyü işlər haqqında məlumat verib.

MŞ İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas çıxışında "Azərsun Holdinq"in jurnalist fəaliyyətinin səmərəli təşkilinin stimullaşdırılması baxımından Azərbaycanda fəaliyyət göstərən digər şirkətlər üçün örnək olduğunu qeyd edib. Yazı müsabiqəsinin əhəmiyyətini bu baxımdan əsaslandıran T.Abbas KİV təmsilçilərinin əməli iş müstəvisində holdinqin müəyyənləşdirdiyi xəttə dəstək göstərəcəklərinə əminliyini bildirib.

MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Azərbaycanda fəaliyyət göstərən şirkətlərin öz işlərinin təbliği nöqteyi-nəzərdən media faktoruna önəm verməsini müsbət hal olaraq dəyərləndirib. Eyni fikri bölüşən "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli həmçinin bildirib ki, zeytunçuluq bir xalqın qədimliyindən, tarixi ənənələrə malikliyindən xəbər verən önəmli təsərrüfat sahəsidir. "Buna görə də mövcud sahədə görülən işlər xalqın, ölkənin tanıdılmasına xidmət sayılmalıdır", - deyən baş redaktor Mətbuat Şurasının "Azərsun Holdinq"in timsalında özəl sektorla əməkdaşlığının jurnalistikamız üçün səmərəliliyindən söz açıb.

"Azərsun Holdinq"in nümayəndəsi Ellada Şiriyeva "Zeytun bağları" yağ məhsulunun keyfiyyət xüsusiyyətlərinə dair ətraflı məlumat verərək onun dünyada məhz Azəbaycan məhsulu kim tanıdılmasının qürurverici məqam olduğunu vurğulayıb, jurnalistlərin "Zeytun Bağları" Azərbaycan zeytununun şöhrəti" mövzusundakı müsabiqədə aktiv iştirakının müsbət nəticələr verəcəyinə inandığını deyib.
MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə və Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu da çıxışlarında jurnalistləri mövzuya həssas yanaşmağa, peşəkar nümunələr təqdim etməyə çağırıblar.

Sonda toplantıda iştirakçılarına "Azərsun Holdinq"in "Zeytun bağları" yağ məhsulları təqdim edilib.

Müsabiqəyə təqdim olunacaq yazılar üçün aşağıdakı istiqamətləndirici mövzular müəyyənləşdirilib:
- Azərbaycan zeytunçuluğunun təbliği;
- Azərbaycan zeytun markalarının araşdırılması və "Zeytun bağları" markasının zeytunun təbliğinə töhfələri;
- Zeytunun insan sağlamlığına müsbət təsirləri;
- Zeytun ağaclarının qırılmasının qarşısının alınması yönündə təbliğat;
- Yeni zeytun bağlarının salınmasının təşviq olunması.

Mükafatlandırma:
I yer 1 nəfər - 1000 manat
II yer 2 nəfər - 700 manat
III yer 3 nəfər - 500 manat
Həvəsləndirici mükafat - 10 nəfər - 300 manat
Müsabiqədə yer tutacaq şəxslərin adları 2014-cü il mart ayının 16-dək açıqlanacaq.
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:
- Materialların mövzunu əhatə etmə səviyyəsi;
- Faktlardan istifadə xüsusiyytələri;
- İfadə vasitələrinin zənginliyi;
- Oxucu üçün informasiyalılıq dərəcəsi.

Müsabiqəyə 2014-cü ilin yanvar ayının 1-dən mart ayının 15-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.

Yazıda "Yazı Azərbaycan Mətbuat Şurası və "Azərsun Holdinq"in birgə keçirdiyi "Zeytun Bağları" Azərbaycan zeytununun şöhrəti" mövzusundakı müsabiqəyə təqdim olunmaq üçün verilir" qeydi olmalıdır.

Qeyd edək ki, yazı müəllifinin müsabiqə üçün təqdim edəcəyi materialı çalışdığı KİV-də verməsi şərt deyil.

Yazıların təqdim edilməsi:

Təqdimat zərfinə yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti, onun əlaqə vasitələri əlavə olunmalıdır.

Material yazılı formada 3 nüsxədə (A4 formatlı kağız vərəqində), həmçinin elektron formada (diskdə, Times New Roman şriftində) müəllifin adı qeyd olunmamaqla şəxsən təqdim edilməlidir. Müsabiqə materialı informasiya saytında gedibsə, elektron təqdimata (diskə) yazının linkinin göstərildiyi ayrıca fayl yerləşdirilməlidir.

Yazılı formada (A4 formatlı kağız vərəqində) təqdim olunmuş 3 nüsxənin hər birində, habelə elektron formatlı (diskdə, Times New Roman şriftində) təqdimatda materialın müsabiqə üzrə müəyyənləşdirilmiş hansı istiqamətə uyğunluğu ayrıca qeyd edilməlidir.

Yazılar 2014-cü ilin yanvar ayının 1-dən mart ayının 15-dək hər gün saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Teymur Əliyev küçəsi, 38 ünvanında (Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.

Əlaqə telefonu: (012) 441 35 96, (050) 534 93 26, (055) 201 99 26

Qalereya




Teqlər:





Xəbər lenti