Tehran və Kiyev razılığa gəldi - Təyyarə olayı

  21 Yanvar 2020    Oxunub : 2852
 Tehran və Kiyev razılığa gəldi - Təyyarə olayı
İranın Yollar və Şəhərsalma naziri Məhəmməd İslami Prezident Həsən Ruhaninin rəsmi nümayəndəsi kimi Kiyevə səfər edərək Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Azvision.az -ın məlumatına görə, görüşdə Tehranda səhvən raketlə vurulan təyyarə ilə bağlı məsələ müzakirə olunub.
Tərəflər təyyarənin bütün qalıqlarının Ukraynaya qaytarılması və İrandan mütəxəssislərin Kiyevə gələrək “qara qutu”nun tədqiqində iştirak etmələri barəsində razılıq əldə ediblər.

Bundan əlavə, görüşdə həlak olanların ailələrinə təzminat verilməsi məsələsinə də toxunulub.

Xatırladaq ki, yanvarın 8-də Tehrandan Kiyevə uçuş həyata keçirməli olan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing-737” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarədə olan İran, Ukrayna, Kanada, Almaniya, İsveç və Əfqanıstandan olan 167 sərnişin və 9 heyət üzvü həlak olub. Hadisədən bir neçə gün sonra rəsmi Tehran təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.

Azvision.az

Teqlər: İran   Ukrayna   Zelenski   Ruhani   Təyyarə   Qəza