Erməni generalın Fransaya getməsinə icazə verilmədi

Erməni generalın Fransaya getməsinə icazə verilmədi
  21 Yanvar 2020    Oxunub:1864
İrəvan məhkəməsi həbsdə olan erməni general, sabiq deputat Manvel Qriqoryanın müalicə üçün Fransaya getməsinə icazə verməyib.
Azvision.az xəbər verir ki, bu gün Qriqoryanın vəkilləri məhkəməyə ərizə ilə müraciət edərək, onun xaricdə müalicə almasına razılıq verilməsini istəyib. Ərizədə vurğulanıb ki, yaxınları Qriqoryanı Fransaya, əvvəl müalicə aldığı klinikaya aparmaq istəyirlər.

Prokuror Vahe Dolmazyan buna qarşı çıxıb.

Hakim Mnatsakan Martirosyan isə müdafiə tərəfinin xarici klinikada müalicə almağa ehtiyac olduğunu sübut edən sənəd hazırlamadığını söyləyərək tələbi rədd edib.

Qriqoryan özü prosesdə iştirak etməyib. O, “Nairi” tibb mərkəzinin reanimasiya şöbəsində qalmaqda davam edir.

Xatırladaq ki, Qriqoryan 1,5 ildir istintaq altındadır. Bu müddət ərzində yalnız 20 günlük azadlığa buraxılıb. Keçmiş deputatın vəkilləri dəfələrlə girov müqabilində sərbəst buraxılması üçün vəsatət qaldırıb, lakin məhkəmə bütün vəsatətləri qəbul etməyib.

Qriqoryanın onkoloji və şəkər xəstəliyi daxil olmaqla, bir çox problemlərdən əziyyət çəkdiyi bildirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   General   Qriqoryan  





Xəbər lenti