Prezidentin köməkçisi: “Avropa İttifaqı ilə sazişin 90 faizi razılaşdırılıb”

 Prezidentin köməkçisi:  “Avropa İttifaqı ilə sazişin 90 faizi razılaşdırılıb”
  22 Yanvar 2020    Oxunub:2886
“Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Biz Avropa İttifaqı ilə bir çox sahələrdə əməkdaşlıq edirik”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev Belçikanın "Euroactive" xəbər portalına müsahibəsində deyib.

PA rəsmisi bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Eyni zamanda, Azərbaycanda ən böyük investorlar əsasən Avropa İttifaqı ölkələridir: "Azərbaycan və Avropa İttifaqı təhlükəsizlik, nəqliyyat və enerji sahələrində yaxından əməkdaşlıq edirlər. Azərbaycan və Avropa İttifaqı enerji sahəsində strateji tərəfdaşlıq münasibətlərinə malikdir".

H.Hacıyev əlavə edib ki, artıq yay aylarında TANAP və TAP boru kəmərləri vasitəsilə Azərbaycan qazı Avropa İttifaqının ərazisinə daxil olacaq və TAP layihəsinin son hissəsi tamamlanacaq.

“Biz, həmçinin Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesinə başlamışıq. Sənəd üzrə danışıqlar Avropa İttifaqı və Azərbaycan arasında hələ də davam edir. Müəyyən fundamental məsələlər var ki, tərəflər onlarla bağlı fərqli baxışlara malikdir. Bunula belə, hər iki tərəf konstruktiv yanaşma göstərməklə, mövqeləri yaxınlaşdırmaq istiqamətində birgə iş aparır. Saziş layihəsinin demək olar ki, 90 faizi razılaşdırılıb. Lakin enerji və ticarətlə bağlı bir sıra məsələlər var ki, biz Avropa İttifaqının daha çevik yanaşma göstərməsini gözləyirik.

Hesab edirik ki, Avropa İttifaqı sazişlə bağlı preferensial ticarət və ya digər ifadə ilə aqressiv ticarət yanaşması göstərməməlidir. İnanırıq ki, bu anlayışı əsas tutmaqla biz danışıqlarda irəliləyişə nail ola bilərik. Çünki bu məsələlər Azərbaycan üçün də strateji əhəmiyyətə malikdir. Bizim öz daxili islahatlar prosesimiz, iqtisadi prioritet və təşəbbüslərimiz var. Bu səbəbdən qarşılıqlı faydalı yanaşma göstərilməli və saziş elə tərtib olunmalıdır ki, o hər iki tərəfin ehtiyaclarına cavab versin”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hikmət-Hacıyev   Prezidentin-Köməkçisi  





Xəbər lenti