Səfir: “Yaponiya daim Azərbaycanı dəstəkləyib”

  Səfir:  “Yaponiya daim Azərbaycanı dəstəkləyib”
  22 Yanvar 2020    Oxunub:2458
2000-ci il 21 yanvar tarixində Qafqaz regionunun 3 ölkəsi arasında ilk dəfə olaraq məhz Azərbaycanda açılan Yaponiya səfirliyi 20-ci ildönümünu qeyd edir. Səfirlik açılandan bəri Yaponiya ilə Azərbaycan arasında qarşılıqlı dostluq münasibətləri davamlı şəkildə inkişaf edib.
Azvision.az xəbər verir ki, bu barədə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katorinin müraciətində deyilir.

Səfir vurğulayıb ki, ötən ilin sentyabr ayında Yaponiyanın dövlət zəmanətli krediti əsasında uzun illərdir inşası davam etdirilən “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimi Prezident İlham Əliyev, Yaponiyanın Xarici İşlər nazirinin parlamentar müavini Kenci Yamadanın iştirakı ilə baş tutub.

"Yaponiya hökuməti bu cür əməkdaşlıqlar vasitəsilə Sovet hökumətindən ayrılaraq yeni yaradılan ölkə - Azərbaycanın inkişafını daim dəstəkləyib. Təhsil, tibb, su təminatı kimi Azərbaycan əhalisinin yaşayış mühitinin yaxşılaşdırılmasına birbaşa xidmət edən “Ot kökləri və İnsan Təhlükəsizliyi” qrant proqramı səfirlik tərəfindən uzun illər həyata keçirilib və indiyədək ümumi məbləği 22 milyon ABŞ dolları olan 256 layihə reallaşdırılıb".

Diplomat xatırladıb ki, bu il Tokioda olimpiya və paralimpiya oyunları keçiriləcək: “İşikava Prefekturasının Şikamaçi şəhəri Azərbaycanın güləş milli komandası və paracüdo üzrə yığma komandalarını qəbul edəcək. Olimpiya oyunlarında Azərbaycan yığmasının əzmlə mübarizəsi yarışları izləyəcək hər iki ölkə nümayəndələrinin qarşılıqlı əlaqələrinin daha da dərinləşməsi üçün bir şans olacaq. Səfirliyimizin yaradılmasının 20-ci ildönümü münasibətilə Yaponiya və Azərbaycan arasında dostluq münasibətlərinin daha da inkişaf etməsi üçün bundan sonra da var gücümüzlə çalışacağıq”, - Teruyuki Katorini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Yaponiya   Səfirliyi  





Xəbər lenti