Salam Ata, necəsən?

Salam Ata, necəsən?
  22 Dekabr 2013    Oxunub:5619
Mehman Telmanoğlu

Heç özüm də bilmirəm niyə verdim bu sualı sənə. Torpağın altında necə olacaqsan?!
Biz ayaqda durmağa çalışırıq. Sən evimizi tərk edəndən heç nə baş verməyib. Baş verən sənin yoxluğundur. Ürəyimiz də qırıqdır. Yeganə təsəllimiz, üzündəki təbəssümün olan bəyaz saçlı foton, bir də səndən qalan kitablar. Əl vurmağa da çəkinirik. Qorxuruq ki, sən yaratdığın səliqən pozular.

Bu gün ad günümdür. Bilirəm ki, yadındadlr. Bilirəm ki, yenə saat 12-ni keçən kimi alnımı öpmək, xeyir-dua vermək istəycəksən.

Bu sənsiz keçirəcəyim ilk ad günümdür. Göz yaşları ilə yazıram bu məktubu sənə. Bilirəm, narahat edir bu kədərim səni. Səsin qulağımdadır-“utanmırsan niyə ağlayırsan?”-deyirsən mənə.

Yaxşı daha kədərlənmirəm. Nə olsun ki, torpağın altındasan, ruhun ki, bizimlədir. Biz sevinəndə evdəki fotonda təbəssümünü görürəm. Biz kədərlənəndə sən də qüssəli görsənirsən mənə. Yox, daha ağlamıram. Möhkəməm!

Xəbərin var? Əlimə qələm dəyib. Yazıram. Bilirəm ki, sənin yazdıqlarının yüzdə birini də yaza bilməyəcəm. Amma yazıram... Həm də ona görə yazıram ki, sənin adını yaşadım. Yəgın sevindin bu xəbərə.

Yadındadır televiziyaya işə düzələndə mənə Telmanoğlu yazdır adını deyirdin?! Mən isə ötkəmliyimə salıb özüm ayağa qalxmaq istəyirdim. Nə qədər qalxsam da yenə arxamda səni hiss edirdim. İndi sənin vaxtı ilə mənə dediklərini əməl etmədiyimə görə utanıram.

Ata, mən artıq Mehman Telmanoğluyam. Bu imza ilə mənə yazmaq indi çox rahatdır. Bəlkə, burda da sənin ruhundur mənə kömək edən?!

Bu sərvəti mənə miras qoyduğun üçün özümü xoşbəxt hiss edirəm! Çünki, indi sənin də ruhun mənim başımım üstündə pərvazlanır. Söz verirəm sənə ATA, bir daha səni qüssələndirməyəcəm. Mənə xeyir-duanı ver, xeyir duanı ver ki, bu ad -“Mehman Telmanoğlu” imzası oxucularını aldatmasın, qələmindən evinə gələn çörək halal olsun!

Ata, səndən hədiyyəmi də artıq aldım. Rahat uyu! Bilirəm bu adı da mənə halal edərdin! Axı sağlığında özün belə istəyirdin. Ad günümdə sənin adını özümə dünyanın ən böyük hədiyyəsi kimi qəbul edirəm. Mehman Telmanoğlu, yeni adım mübarək!



Teqlər:  





Xəbər lenti