Rəsmi Tehrandan Azərbaycana `casus` müraciəti

Rəsmi Tehrandan Azərbaycana `casus` müraciəti
  22 Dekabr 2013    Oxunub:937
Bu gün İran Xarici İşlər Nazirliyi Azərbaycanda həbsdə saxlanılan iranlı ilə bağlı yeni bəyanatla çıxış edib. İranın “Tasnim” agentliyi xəbər verir ki, bu ölkə XİN-in rəsmi nümayəndəsi Mərziyeh Əfkram rəsmi Bakını növbəti dəfə casusluqda ittiham olunan İran vətəndaşını azad etməyə çağırıb.

İran XİN rəsmisi bildirib ki, rəsmi Tehran casusluqda ittiham edilən Bəhram Feyzinin azad olunması üçün diplomatik səyləri gücləndirib.

Mərziyeh Əfkram bəyan edib ki, İran vətəndaşının azad edilməsi üçün konsulluq səyləri və məsləhətləşmələr davam edir. Onun sözlərinə görə, İran vətəndaşı “saxta ittihamlarla” 15 il həbs cəzasına məhkum edilib. Yada salaq ki, Bəhram Feyzi Azərbaycan əleyhinə casusluqda və Bakıdakı İsrail səfirliyinə qarşı terror planlaşdırmaqda ittiham olunur.

İran XİN rəsmisinin bildirdiyinə görə, ölkənin Bakıdakı konsuluna məhbusla görüşmək icazəsi verilib. Görüş zamanı Feyzinin səhhətinin “yaxşı olmadığı” müəyyən edilib. M.Əfkram bəyan edib ki, məhbusun həyatı üçün məsuliyyəti Azərbaycan hakimiyyəti daşıyır və rəsmi Bakı Feyzinin səhhəti və azad edilməsi üçün təcili tədbirlər görməlidir.

Bəhram Feyzi bu il oktyabrın 11-də Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə tərəfindən 15 il müddətinə həbs cəzasına məhkum edilib. Ona qarşı irəli sürülmüş ittihamların təfərrüatları barədə məlumat yoxdur, məhkəmə qapalı keçib.

İranın Bakıdakı səfirliyi bəyan edib ki, Bəhram Feyzi günahsızdır və Apelyasiya Məhkəməsinin onu azad edəcəyinə ümid edir. Bir neçə gün əvvəl Bəhram Feyzinin etiraz olaraq aclıq aksiyası keçirdiyi açıqlanmışdı.

Virtualaz.org


Teqlər:  





Xəbər lenti