
İlk olaraq ötən gün dünyasını dəyişən Kobe Brayantdan başlayaq. Qəzada ölən iki qat olimpiya və beş qat NBA çempionu, “Black Mamba” ləqəbli basketbolçunun 41 yaşı var idi. O, karyerasını 2016-cı ildə başa vurmuşdu. Brayantın qəzada həlak olan 13 yaşlı qızı Ciannadan başqa 3 övladı yadigar qalıb.

Bu il yanvarın 2-də Tayvanda "Black Hawk" helikopteri qəzaya uğrayıb. Taybey yaxınlığında yerə düşən helikopterdə 13 nəfər olub. Onlardan 8-i ölüb, 5 nəfər isə xilas edilib. Ölənlərdən biri Tayvanın Baş qərargah rəisi Şen Yi Minq olub.
2019-cu ilin iyul ayında amerikalı milyarder Kris Klayn helikopter qəzasında həyatını itirib. Belə ki, Baham adalarından ABŞ-a uçan helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb. Onların arasında kömür maqnatı Kris Klayn da olub. O, ABŞ-ın Qərbi Virciniya ştatında yaşayırdı. Klaynın sərvəti 1,8 milyard dollar civarında qiymətləndirilirdi.

2018-ci ilin oktyabr ayında İngiltərənin “Lester Siti” klubunun sahibi, tanınmış iş adamı Vişay Şrivaddanaprabha helikopter qəzasında ölüb. O, 2011-ci ildə “Lester Siti” klubunu almışdı. 4,9 milyard dollar sərvəti olan iş adamı Taylandın ən zəngin 5 adamından biri idi.

2017-ci ilin sentyabr ayında dünya şöhrətli musiqiçi Troy Gentri də helikopter qəzasında həlak olub. Hadisə ABŞ-ın Nyu-Cersi ştatında baş verib. O, “Montgomery Gentry” musiqi qrupunun solisti idi.

Bundan başqa, 2017-ci ilin dekabr ayında Hondurasda dəhşətli helikopter qəzası baş verib. Helikopterin qəzaya uğraması nəticəsində içərisində olan 6 nəfər sərnişin həlak olub. Sərnişinlər arasında Honduras Prezidenti Xuan Orlando Ernandesin bacısı, sabiq rabitə naziri İlda Ernandes də olub.
Anar Kəlbiyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


