Dünyada indiyədək yayılmış ən təhlükəli viruslar - ARAŞDIRMA

Dünyada indiyədək yayılmış ən təhlükəli viruslar -  ARAŞDIRMA
  29 Yanvar 2020    Oxunub:26387
Tarix boyu insanlar müxtəlif viruslara qarşı mübarizə aparıblar. İndiyədək yayılmış təhlükəli epidemiyalar yüz minlərlə insanın ölümünə səbəb olub. Getdikcə bir-birini əvəzləyən ölümcül virus təhlükəsi hələ də davam edir. Son günlər Çində aşkar edilmiş yeni növ koronavirus sürətlə dünya ölkələrində yayılmaqdadır. Artıq virusa yoluxmuş 132 nəfər ölüb, 6 min Çin sakinində xəstəlik aşkar edilib.
Azvision.az mövzunun aktuallığını nəzərə alaraq, indiyədək dünyanı qorxuya salan ən təhlükəli viruslarla bağlı araşdırma aparıb.

Qrip virusu

Qrip insanlarda kəskin respirator infeksiyaya səbəb olan virusdur. Hazırda, A, B, C serotiplərinə görə təsnif edilib, 2 mindən çox variantı var. A serotipindən olan virus qrupu (H1N1, H2N2, H3N2 və s.) insanlar üçün ən təhlükəlisidir. Dünyadakı mövsümi qrip epidemiyalarından hər il 250 ilə 500 min insan ölür (əksəriyyəti 2 yaşa qədər uşaqlar və 65 yaşdan yuxarı insanlar).



Marburq virusu

Bu virus hər bir insan üçün təhlükəlidir. Marburq virusu Filoviridae ailəsindən (Marburgvirus növü) olan RNT-virusunun törətdiyi, nadir rast gəlinən, lakin ağır zoonoz infeksiyadır. Virusun 2 ştammı mövcuddur: Marburg virus (MARV) və Ravn virus (RAVV). Bu, Ebola virusu infeksiyasına bənzərdir, lakin ondan fərqlidir.

Marburq virusu 1967-ci ildə Almaniyanın Marburq şəhəri daxil olmaqla, bir neçə Avropa laboratoriyalarında eyni zamanda baş vermiş alovlanmalardan sonra aşkarlanıb. Yüksək hərarət və başağrı, tez-tez rast gəlinən mədə-bağırsaq simptomları (ürəkbulanma - qusma) bu xəstəliyin ən yayılmış əlamətləridir. Qanaxma əlamətləri nadir hallarda aşkar edilir və xəstəliyin sonrakı mərhələsi ilə əlaqəlidir.



Rotavirus

İnsan üçün təhlükəli viruslardan biridir. Nəcis-oral yol ilə ötürülür. Körpələrdə və azyaşlı uşaqlarda kəskin ishalın ən çox yayılmış növüdür. Bu xəstəlik asanlıqla müalicə olunur, lakin dünyada hər il beş yaşına qədər 450 mindən çox uşaq həmin virusdan ölür. Ölüm hallarının əksəriyyəti inkişaf etməmiş ölkələrdə baş verir.



Denge virusu

Virus ağırlaşma halında 50 faiz ölümə səbəb olur. 120-dən artıq ölkədə mövcuddur, xüsusilə cənub-şərqi Asiya və Sakit okeanın qərb regionları, Karib adaları, Latın Amerikası, eləcə də ABŞ, Afrika və Orta Şərqin bəzi regionlarında geniş yayılmış infeksiyadır. Virusa hər il təqribən 50 milyon insanın yoluxduğu bildirilir. Virusun daşıyıcıları xəstə insan, meymunlar, ağcaqanadlar və yarasalardır.



Zika virusu

Zika virusu ilk dəfə 1947-ci ildə Uqanda meymunlarında aşkar edilib və beş il sonra insanlarda xəstəliyin ilk halları müşahidə edilib. 86 ölkədə yayılma halları qeydə alınıb. Zika virusunu yaradan tropik və subtropik bölgələrdə olan "Aedes aegypti" adlı ağcaqanad növləridir. Hamilə qadınlar üçün daha ciddi təhlükə yaratdığı deyilən bu virus, hələ doğulmamış körpənin beynində kiçilmə və fəsadlara, hətta ölümə yol aça bilər. Əlamətləri yüksək qızdırma, baş ağrısı, gözlərdə qızarma, qusma, səpmə, əzələ və oynaq ağrılarıdır. Virusa qarşı peyvənd mövcud deyil.



Ebola virusu

Ebola virusuna ilk yoluxma faktı 1976-cı ildə qeydə alınıb. Epidemiya əsasən Mərkəzi və Qərbi Afrikanın tropik meşələrə yaxın kənd ərazilərində yayılmağa başlayıb. Ebola virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “bəşər tarixinin ən qəddar virus xəstəliyi” adlandırılıb. Bu virusun beş müxtəlif tipi var və ona yoluxanların həyatda qalma şansı 25%-dən 90%-dək dəyişir. Ebola virusuna qarşı hələlik təsdiq edilmiş peyvənd növü mövcud deyil.



Qızılca

Qızılca kəskin yoluxucu virus xəstəliyidir. Qızılca ilə bütün yaşlarda xəstələnmə olur, 1 yaşdan 4-5 yaşa qədər olan uşaqlar arasında daha çox yayılan xəstəlikdir. 1980-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı kütləvi peyvəndləmə yolu ilə qızılca xəstəliyinin aradan qaldırılacağını elan edib. Lakin 2 min il ərzində virusun yaratdığı epidemiya bir çox ölmülərə səbəb olub. Təkcə XX əsrdə virus 300 milyon insanı öldürüb.



Lassa virusu

Lassa virusu da digərləri kimi təhlükəli və ölümcüldür. Xəstəlik ilk dəfə 1969-cu ildə Nigeriyanın Lassa şəhərində aşkar edilib. Əsasən Qərbi Afrikada, xüsusən Sierra Leone, Qvineya Respublikası, Nigeriya və Liberiyada müşahidə olunub. İllik xəstələnmə 300 mindən 500 minə qədər olub. Nəticədə 5 mindən çox insan həyatını itirib. Təbii rezervuarı tropik Afrikanın kənd yerlərində qida məhsullarına yaxın ərazilərdə məskunlaşan gəmirici siçovullardır



HİV

İnsan immun çatışmazlığı virusu və ya HİV ilk dəfə 1980-ci illərin sonlarında aşkar edilib. Virus immunitet sistemini pozur, insanları infeksiyadan və müəyyən xərçəng növlərindən qoruyan sistemləri zəiflədir. Təbiətdə infeksiya meymunların bədənində olur və onlara zərər vermir. Lakin insanlar üçün onun çoxalması ölümlə nəticələnir.



Quş qripi - A H5N1

Quş qripi "A" viruslarının fərqli növ xüsusiyyətlərinə malikdir. Ev quşları və vəhşi quşlardan keçən yüksək patogenli quş qripi (YPQQ) A H5N1 virusu insanlara ötürülə bilər, nadir hallarda infeksiyanın insandan insana ötürülməsi mümkündür. Xəstəliyi olan insanlar immunitetiı inkişaf etdirir. Ancaq orta hesabla virusa yoluxmuş insanların təxminən 60% -i ölür.



Donuz qripi (SIV)

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, virus "donuz qripi" adlansa da, əslində, müxtəlif H1N1 viruslarının qarışığından yaranıb. Adi öskürək və asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir. Qripə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.



Yeni növ koronavirus - 2019-nCoV

Sətəlcəmin yeni növü olan virusa ilk dəfə 2019-ci ilin dekabr ayında Çinin Hubey əyalətinin Vuhan şəhərində rast gəlinib. Bu günə qədər koronavirusa yoluxanların sayı 5974 nəfərə çatıb, 132 nəfər isə epidemiya nəticəsində ölüb. Bundan əlavə, 9,2 min insanda koronavirus əlamətləri müşahidə edilib, lakin diaqnoz təsdiqlənməyib. Karantində təxminən 60 min nəfərin olduğu açıqlanıb. Virusa yoluxanların yarıdan çoxu (3,5 min yoluxan və 125 nəfər ölən) Hubey əyalətində qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Virus  





Xəbər lenti