“Ramil Usubov Heydər Əliyevin ən sədaqətli adamlarındandır”

“Ramil Usubov Heydər Əliyevin ən sədaqətli adamlarındandır”
  23 Dekabr 2013    Oxunub:1534
“Ramil Usubov uzun müddət Heydər Əliyevlə birgə çalışan və onun komandasında özünəməxsus mühüm yer tutan bir şəxsiyyətdir”.

Bu fikirləri millət vəkili Zahid Oruc daxili işlər naziri Ramil Usubovla bağlı xatirələrini AzVision.az-a bölüşərkən bildirib.

Deputat ötən gün 65 yaşı tamam olan nazirin xidmətlərindən, Naxçıvandan başlayan fəaliyyətindən söz açıb.

“Ramil Usubov prinsipiallıq, xüsusi iradəlik, əzmkarlıq, Azərbaycanın dövlət maraqlarına sədaqət, vətənpərvərlik kimi ən yüksək dəyərləri öz fəaliyyətində gerçəkləşdirməyə çalışıb. Müəyyən məqamlarını xatırlamalı olsaq, deməliyik ki, 90-cı illərdə, Azərbaycanın ən ağır dönəmində Naxçıvanda ulu öndər Heydər Əliyevin həmin Muxtar Respublikanın rəhbərliyinə gəlməsi ilə çox çətin şəraitdə Ramil Usubov məhz həmin respublikanın daxili işlər naziri təyin olundu. Bəllidir ki, o dövrdə söhbət təkcə ictimai asayişin qorunmasından getmirdi, eyni zamanda polis Naxçıvanın ağır blokada şəraitindən çıxması, həm də müharibədə torpaqlarımızın qorunması və müdafiəsi işində düşmənə qarşı savaş aparmaqda idi. Sonra da bu proses daha böyük bir miqyasda, Azərbaycan adlı məmləkətin səviyyəsində davam etdi”.

Millət vəkili həmçinin qeyd edib ki, Ramil Usubov özündə ən ali keyfiyyətləri birləşdirdiyi üçün bu posta təyinat alıb. Deputat R.Usubovun Qarabağ müharibəsi zamanı xidmətlərini xatırlayıb.

“Ölkə rəhbərinin prezident seçilməsi ilə Ramin Usubov da məhz qeyd etdiyimiz o yüksək keyfiyyətləri daşıdığı üçün Azərbaycanın daxili işlər nazirliyi təyin olundu. Bu dövr ərzində dəfələrlə ölkədə sabitliyi pozmağa yönələn ən müxtəlif xarakaterli cəhdlər, çevriliş niyyətli müxtəlif silahlı qarşıdurmalar və dövlət əleyhinə hər hansı bir təhlükəli ssenarilər, terror planları işləndi və bunların əksəriyyətində Azərbaycan Daxili İşlər Nazirliyi öz mövqeyini fərqlilik, prinsipallıqla ifadə etdi. Zənn edirəm ki, bütün bunların hamısı eyni zamanda, ölkə başçısına səadəqəti ilə seçilən xüsusi bir siyasi iddiaları daşımayan amma paralel şəkildə Azərbaycanın mənafeylərini üstün tutan Ramil Usubovun fəaliyyəti hesabına mümkün oldu. Tale elə gətirdi ki, müəyyən bir dövr- 10 ilə yaxın bir zamanda, onun Qarabağ bölgəsində gördüyü işlərə daha yaxından şahidi olmuşam. Birmənalı olaraq, onu həddindən artıq aristokratik keyfiyyətləri daşıyan, son dərəcə alicənab, hər bir insana diqqətli bir münasibəti olan böyük hərflərlə yazılacaq dövlət adam kimi xarakterizə edərdim. Bütün bunlar özəl münasibət deyil, neytral ekspert yerində də mən Ramil Usubovun fəaliyyətini belə dəyərləndirirəm.

Bilirsiniz ki, hörmətli cənab nazir Xocalı bölgəsindəndir. Həmin bölgənin Azərbaycan tarixində genosidə uğrayan bir şəhər və əhali olaraq da ayrıca yeri var. O insanlarla münasibətdə də Ramil Usubov ayrıca olaraq diqqət və qayğını hər zaman öz üzərində daşıyır. Lakin bütün bunların fonunda o, hər zaman təvazökarlıq keyfiyyətlərini də dəfələrlə nümayiş etdirib”.



Millət vəkili fikirlərinin sonunda nazirə təbriklərini çatdırmağı da unutmayıb: “Ramil Usubovun 65 yaşı tamam olması münasibətilə ona xoş sözlərimi söyləyirəm və düşünürəm ki, o, bunları qazanıb. Bundan sonrakı dönəmdə də Azərbaycan dövləti naminə ona çalışmalarımda uğurlar və can sağlığı arzu edirəm”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti