“Azərbaycan Gənclər Sammiti” başa çatdı

“Azərbaycan Gənclər Sammiti” başa çatdı
  23 Dekabr 2013    Oxunub:971
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyi (ELSA Azərbaycan) tərəfindən həyata keçirilən “Azərbaycan Gənclər Sammiti” layihəsi yekunlaşdı.

AzVision.az xəbər verir ki, Bakı şəhərində həyata keçirilən Sammit haqqında xəbər portalımıza Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyinin Seminar və konfranslar üzrə Vitse-Prezidenti Seyfəlpaşa Əliyevin verdiyi məlumatlara əsasən, Sammit çərçivəsində Respublikanın müxtəlif rəhbər qurumlarından (Korrupsiyaya qarşı mübarizə Komissiyası, Prezident Administrasiyası, Gənclər və İdman Nazirliyi) olan şəxslərlə görüşülüb, ictimai müzakirələr həyata keçirilib.

Seyfəlpaşa Əliyev layihə barədə nitqinə onu da əlavə edib ki, ümumilikdə layihədə iştirak etmək üçün 616 şəxs onlayn qaydada müraciət edib, müvafiq ərizələrin sahibləri müsahibə mərhələsinə dəvət olunub.

Bundan sonra təşkilatın hansı layihələri planlaşdırması ilə bağlı sualımıza isə Seyfəlpaşa Əliyevin cavabı bu cür olub: “Cari akademik il üçün bu zamana kimi artıq bir neçə uğurlu layihəyə imza atmışıq, bu bizi sevindirir lakin kifayət etmir. Hal-hazırda ELSA Azərbaycan tərəfindən Səhnələşdirilmiş Məhkəmə Prosesləri Müsabiqəsi üçün bütün işlər tamamlanıb və məhkəmə prosesləri fevral ayında start götürəcək, ELSA Norveç və ELSA Azərbaycan tərəfindən birgə Bakıda Yanvar ayının 30-u üçün yeni Beynəlxalq layihəmiz başlayacaq.

ELSA-nın 2015-ci il üçün Prezidentlər Toplantısını Bakıda həyata keçirmək üçün müxtəlif işlər görülməkdədir, 2014-cü ilin Birinci yarısı üçün isə “Gənc Hüquqşünasların II Beynəlxalq Bakı Forumun” təşkil etmək üçün hazırlıqlara başlamışıq. Bütün bunlarsa bizə əminliklə söyləməyə əsas verir ki, artıq ELSA Azərbaycan ölkəmizdə Gənclər sektorunda özünü təsdiqləmiş QHT-lərdəndir”.

Qeyd edək ki, Azərbaycan ELSA-ya 2010-cu ildən üzvdür və hal hazırda təşkilata Sirac Sultanlı rəhbərlik edir.



Teqlər:  





Xəbər lenti