AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
İclasda AMEA-nın İctimai Elmlər Bölməsinin hesabatı dinlənilib. Bildirilib ki, hesabat ilində İctimai Elmlər Bölməsinin elmi müəssisələrində səkkiz elmi istiqamətin 33 problemi üzrə 132 mövzu, 305 iş, 272 mərhələnin üzərində elmi-tədqiqat işləri aparılıb, 45 mövzu, 127 iş, 212 mərhələ tamamlanıb. Bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətlərində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, dövlət proqramları və strategiyaları, AMEA rəhbərinin sərəncamları, akademiyanın ümumi yığıncağının və Rəyasət Heyətinin qərarları əsas götürülüb. Bölmənin əməkdaşları 12 dövlət proqramının icrasında iştirak edirlər. Ölkə başçısının imzaladığı “2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında”, “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında”, “Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd edilməsi haqqında” və bir çox digər sərəncamlara əsasən, AMEA-nın İctimai Elmlər Bölməsinin institutlarında çoxsaylı tədbirlər keçirilib.
Qeyd edilib ki, bölmə əməkdaşlarının 2 min 185 əsəri işıq üzü görüb. Onlardan 9-u xaricdə olmaqla 148-i kitab və monoqrafiya, 391-i xaricdə olmaqla 1296-sı məqalə, 58-i xaricdə olmaqla 302-si tezisdir. 54 məqalə impakt faktorlu jurnalda nəşr edilib, elmi işçilərin əsərlərinə 876 dəfə istinad olunub. Hazırda bölmədə 76 doktorant və 259 dissertant, magistratura üzrə 11 nəfər təhsil alır.
Bölmə alimləri Türkiyə, Rusiya, ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İran, Özbəkistan, Gürcüstan, Ukrayna, Belarus, Qazaxıstan, Çin, Misir, Polşa, Bolqarıstan, Küveyt, Yaponiya, Vyetnam, Koreya, Səudiyyə Ərəbistanı və s. ölkələrin elmi mərkəzləri və beynəlxalq təşkilatları ilə əməkdaşlıq edib.
Hesabat məruzəsində qeyd edilib ki, ötən il İctimai Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələri tərəfindən 20 beynəlxalq konfrans, 2 beynəlxalq forum, 2 beynəlxalq simpozium, 3 beynəlxalq seminar, 22 respublika konfransı, 32 elmi seminar, 8 sessiya, 12 yubiley tədbiri keçirilib.
Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb. Müzakirələrdə AMEA Rəyasət Heyətinin üzvləri və bölməyə daxil olan elmi müəssisələrin rəhbərləri iştirak ediblər.
Rəyasət Heyətinin qərarı ilə AMEA-nın İctimai Elmlər Bölməsinin 2019-cu ildəki elmi və elmi təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq edilib, alınan elmi nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb. Qərarda elmi tədqiqatların azərbaycançılıq məfkurəsinə əsaslanaraq aparılması, araşdırmaların müstəqil Azərbaycan dövlətinin sosial-iqtisadi və mədəni inkişafına istiqamətləndirilməsinin təmin edilməsi, bölmə alimlərinin beynəlxalq elmi proqramlara daha fəal inteqrasiyası, yerli və xarici elmi təşkilatlarla əlaqələrin daha da genişləndirilməsi və digər bu kimi məsələlər öz əksini tapıb.
Gündəlikdəki növbəti məsələ AMEA-nın Naxçıvan Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında olub.
Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev hesabat məruzəsi ilə çıxış edib. O, bölmənin ötən il Azərbaycan Respublikası Prezidenti, Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, AMEA-nın prezidenti, ümumi yığıncağı və Rəyasət Heyətinin sərəncam, qərar, tapşırıq və tövsiyələri, eləcə də dövlət proqramları və strategiyalarından irəli gələn məsələlərin həllinə yönəlmiş bir sıra mühüm tədbirləri həyata keçirdiyini nəzərə çatdırıb.
Bildirilib ki, hesabat ilində bölmədə altı elmi istiqamətdə altı problemi əhatə edən yeddi mövzuya daxil olan 37 iş 99 mərhələdə yerinə yetirilib, 96 mərhələ üzrə tədqiqatlar tamamlanıb və səkkiz mühüm elmi nəticə əldə olunub. Ötən il bölmə əməkdaşlarının 4-ü xaricdə olmaqla 18 monoqrafiyası, 9 kitabı, 1 kitabçası, 3 metodik vəsaiti, 75-i xaricdə olmaqla 551 elmi məqaləsi, 58-i xaricdə olmaqla 223 konfrans materialı, biri xaricdə olmaqla 7 tezisi nəşr edilib, alimlər tərəfindən dörd buklet tərtib edilib. Məqalələrin 93-ü xaricdə olmaqla 445-i beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda, 37 elmi məqalə “Web of Science”, “Scopus” və digər elmi bazalara daxil olan impakt faktorlu jurnallarda işıq üzü görüb. Bunlardan 10-nu “Clarivate Analytics” (Thomson Reuters) siyahısına daxildir. Alimlərin əsərlərinə 340 dəfə istinad edilib.
Akademik İsmayıl Hacıyev alimlərin Türkiyə, Şimali Makedoniya, Qazaxıstan, İran, Rusiya, ABŞ, Avstraliya, Fransa, Gürcüstan və digər ölkələrin elmi mərkəzləri ilə əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, 2019-cu ildə Naxçıvan Bölməsi üzrə 2 respublika səviyyəli qrant layihəsinin icrası başa çatıb, 2-si beynəlxalq və 1-i respublika səviyyəli olmaqla 3 qrant layihənin icrası isə davam etdirilir.
Məruzəçi bölmənin elmi müəssisələrində keçirilən konfrans və sessiyalar, bölmənin elektron portalına yerləşdirilən materiallar, əldə olunan büdcədənkənar vəsaitlər, kadr hazırlığı, elm və təhsilin inteqrasiyası sahəsində görülən işlər barədə də ətraflı məlumat verib.
Sonra məruzə ətrafında müzakirə aparılıb, suallar cavablandırılıb. AMEA-nın Naxçıvan Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat təsdiq edilib, qurumun gələcək fəaliyyəti ilə bağlı müvafiq tapşırıqlar verilib.
Müzakirə edilən digər məsələ xaricdə fəaliyyət göstərən Azərbaycan Əsilli Alimlərin Assosiasiyası ilə bağlı olub. Mövzu ətrafında çıxış edən AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov bildirib ki, ölkələrarası əlaqələrin sürətli inkişafı, dünyada qlobal problemlərin mövcudluğu və elmi inteqrasiyanın getdikcə daha da genişlənməsi alimlərin ortaq fəaliyyətini şərtləndirir. Hazırda dünyanın bir sıra nüfuzlu elm və təhsil mərkəzlərində müxtəlif elm sahələrini təmsil edən çoxsaylı Azərbaycan əsilli görkəmli alimlərin fəaliyyət göstərdiyini qeyd edən akademik-katib həmin alimlərlə elmi əlaqələrin qurulması, onların elmi potensialından və zəngin təcrübəsindən məqsədyönlü istifadəsi üçün kompleks tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.
Qeyd edilənləri nəzərə alaraq Rəyasət Heyəti AMEA-da xaricdə fəaliyyət göstərən Azərbaycan Əsilli Alimlərin Assosiasiyasının yaradılması haqqında qərar qəbul edib.
Azvision.az
Teqlər: AMEA