İlham Əliyev – 10 il hakimiyyətdə - TƏQDİMAT
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, kitabda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar, ölkəmizin müstəqil daxili və xarici siyasəti, Azərbaycanın regionda və dünyada rolu barədə ətraflı söhbət açılan məqalələr toplanıb. Məqalələrin müəllifləri dövlət məmurları, Milli Məclisin deputatları, alimlər, müəssisə rəhbərləri, Sumqayıt ictimaiyyətinin nümayəndələridir.
Kitabda toplanmış materiallar Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi 10 il ərzində fəaliyyətinin hərtərəfli araşdırılmasının və dərin təhlilinin nəticəsidir. Ölkəmizin inkişaf dinamikasını əks etdirən faktlara və rəqəmlərə əsaslanan materiallar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin ardıcıl surətdə və parlaq şəkildə həyata keçirdiyi Azərbaycan inkişaf modelinin əsaslı olmasını inandırıcı şəkildə təsdiq edir.
Təqdimat mərasimində Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin deputatları - tanınmış yazıçı-publisist Elmira Axundova, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və professor Musa Qasımlı, Yeni Azərbaycan Partiyasının Sumqayıt Şəhər Təşkilatının sədri Asif İmaməliyev və başqaları çıxış ediblər.
Onlar qeyd ediblər ki, bu 10 ilin hər biri böyük zəfərlər və nailiyyətlər ili olub. Azərbaycan sürətlə inkişaf edir. Müsbət irəliləyişlər regionlardan da yan keçməyib. Dünya miqyaslı siyasi xadim İlham Əliyevin əməyi və istedadı sayəsində Azərbaycan bu müddətdə bütün sahələrdə böyük tərəqqi yolu keçib, ölkəmiz dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib.
Natiqlər onu da qeyd etmişlər ki, ötən 10 il ərzində Azərbaycanda turizm formalaşan və inkişaf edib, informasiya-kommunikasiya sektoru iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilib. Doğma yurdlarını tərk etməyə məcbur olan həmvətənlərimizin həyat şəraitində baş verən dəyişikliklər barədə də söhbət olub. Qeyd edilib ki, Azərbaycan borcalan ölkədən kreditor ölkəyə, dünyanın bir sıra ölkələrində sanballı sərmayələr qoyan dövlətə çevrilib. Bütün çıxışların ana xətti “Qurucu İlham” fikri olub.
Tədbirin sonunda iştirakçılara “İlham Əliyev – 10 il hakimiyyətdə” kitabının nüsxələri təqdim edilib.
Qeyd edək ki, bu kitab oxucuların, o cümlədən xarici oxucuların Azərbaycanın necə geniş inkişaf etməsini qiymətləndirmələrinə imkan verəcək, Azərbaycanın bu dövrü haqqında məlumat almaq istəyən gələcək nəsillər üçün yaxşı baza olacaqdır.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


