Koreya nümayəndəsi Naxçıvan Dövlət Universitetində

Koreya nümayəndəsi Naxçıvan Dövlət Universitetində
  24 Dekabr 2013    Oxunub:1844
Koreya Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Naxçıvan Dövlət Universitetində olub.
Koreya Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Cha Chang-Soon Naxçıvan Dövlət Universitetində (NDU) olub.

NDU-nun mətbuat şöbəsindən AzVision.az -a bildiriblər ki, diplomat universitetin strukturu, beynəlxalq münasibətlər və xarici dillər fakültəsindəki Koreya mədəniyyəti və dilinin tədrisi mərkəzi ilə yaxından tanış olmuşdur. Məlumat verilmişdir ki, mərkəzdə Koreyanın tarixi, milli mədəniyyəti, ali təhsil sistemi ilə bağlı materiallar toplanıb.

Hazırlıq kurslarında Koreya dilini universitetin beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin magistri, Koreya Respublikasının vətəndaşı Canq Second tədris edir.

Qonaq NDU-nun rektoru, professor Saleh Məhərrəmov ilə görüşüb. Rektor universitetin inkişaf yolu, maddi-texniki bazası və beynəlxalq əlaqələrindən danışıb. Qeyd olunub ki, ali məktəb dünyanın 80-dən çox tanınan universiteti, o cümlədən Koreya Respublikasının Kimçonq və Busan Kyumqsunq universitetləri ilə əməkdaşlıq edir. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə universitet arasındakı razılaşmaya əsasən, “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi həyata keçirilir.

Bildirilmişdir ki, Koreyanın ali təhsil ocaqları ilə əlaqələrin inkişafı Asiya ilə əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Tələbə mobilliyinə əsasən, universitetlər arasında tələbə mübadiləsi uğurla həyata keçirilir.

Cha Chang-Soon ölkələrarası münasibətlərin inkişafından, elm, təhsil sahəsində tərəfdaşlığın əhəmiyyətindən bəhs etmişdir. Nəzərə çatdırılmışdır ki, səfirlik əlaqələrin davamlı inkişafı üçün öz köməkliyini əsirgəməyəcəkdir.

Görüşdə “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin gerçəkləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr, gələcək əməkdaşlıq məsələləri müzakirə olunmuş, işgüzar səfərlər, tələbə mübadiləsi və digər müştərək tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılmışdır. Cha Chang-Soon universitetdə təhsil alan koreyalı tələbələrlə görüşüb.


Teqlər:





Xəbər lenti