İlham Əliyev: `Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur`

  23 Dekabr 2013    Oxunub : 514
İlham Əliyev: `Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur`
AzVision.az xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfrans keçirilib.

Prezident İlham Əliyev əvvəlcə Bakı Şəhər İcra Hakimiyyətinin binasında 2011-2013-cü illərdə paytaxtda və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlərlə tanış oldu.

Fotostendlərdə Bakıda və ətraf qəsəbələrdə sosial inkişaf və infrastruktur layihələri, o cümlədən turizm, mədəniyyət, sahibkarlığın inkişafı, həmçinin ətraf mühitin qorunması sahələrində həyata keçirilən çoxsaylı tədbirlər barədə məlumatlar verilir.
Dövlətimizin başçısı konfransı giriş nitqi ilə acid: "Bu gün biz Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasını müzakirə edəcəyik. Bu, ikinci proqramdır. Birinci proqram 2006-cı ildə qəbul olunmuşdu, iki ili əhatə edirdi. Bu proqram 2011-2013-cü illəri əhatə edir və proqram başa çatır".

Dövlət başçısı bildirib ki, bütövlükdə 2013-cü ildə Azərbaycanın uğurlu dinamik inkişafı təmin edilmişdir: "İl ərzində qarşıda duran bütün vəzifələr icra edilmişdir, iqtisadiyyat artmışdır. Dünya miqyasında müqayisə etsək görərik ki, Azərbaycan iqtisadiyyatı ən yüksək templərlə artır. Bu il ümumi daxili məhsul təxminən 6 faiz, qeyri-neft sektorumuz isə təxminən 10 faiz artmışdır.
Bu da əslində görülən işlərin təzahürüdür. Onu göstərir ki, bizim siyasətimizin əsas istiqaməti iqtisadi islahatlardır. Bu islahatlar nəticəsində biz bu uğurlara imza ata bilmişik. Qeyri-neft sektorumuz artır, indi ümumi daxili məhsulda qeyri-neft sektoru üstünlük təşkil edir. Əminəm ki, bu meyllər gələcək illərdə güclənəcəkdir. Ancaq buna nail olmaq üçün biz daha da fəal işləməliyik. Çünki neft-qaz sektorunun artması da gözlənilir. Xüsusilə, bu ayın 17-də Bakıda imzalanmış "Şahdəniz-2" layihəsi gələcəkdə neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Ona görə, biz qeyri-neft sektorunun inkişafına daha da böyük diqqət göstərməliyik. Biz bunu edəcəyik. Ölkəmizdə aparılan islahatlar, düşünülmüş iqtisadi və sosial siyasət imkan verəcəkdir ki, Azərbaycan bundan sonra da uğurla inkişaf etsin".

Prezident qeyd edib ki, bütövlükdə bu il 2003-2013-cü illəri əhatə edən bir dövr başa çatır: "Bu dövr ölkəmiz üçün çox uğurlu olmuşdur. Deyə bilərəm ki, son on il ərzində dünyada iqtisadi cəhətdən Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. Bütün statistik məlumatlar bunu təsdiqləyir. İqtisadiyyatımız 300 faizdən çox - 3,4 dəfə artmışdır. Yoxsulluq şəraitində yaşayanların sayı kəskin şəkildə azalmışdır. İndi Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizdən bir qədər çoxdur. Yəni, inkişaf etmiş ölkələrin səviyyəsindədir. Biz hətta inkişaf etmiş bir neçə ölkəni qabaqlayırıq. İşsizliklə bağlı məsələlər öz həllini tapır. İşsizlik çox aşağı səviyyədədir, 5 faiz səviyyəsindədir. Bakı şəhərində isə məncə, bütövlükdə bu məsələ öz həllini tapmışdır.

Bizim iqtisadi islahatlarımız dünyanın aparıcı iqtisadi və maliyyə qurumları tərəfindən də təqdirlə qarşılanır. Dünyanın bir nömrəli iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür. Yəni, bütün bunların təməlində düşünülmüş siyasət, Azərbaycanda 1990-cı illərin ortalarında başlamış islahatlar, ulu öndər Heydər Əliyevin siyasəti dayanır.

Son on il ərzində isə biz fəal işləyərək Azərbaycanın siyasi, iqtisadi maraqlarını tam şəkildə təmin edə bilmişik. Azərbaycan bu gün beynəlxalq müstəvidə çox böyük hörmətə malik olan bir ölkə kimi tanınır. Biz bu il BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətimizi başa çatdırırıq. Hesab edirəm ki, bu da xalqımız, dövlətimiz üçün çox böyük nəticədir, tarixi bir qələbədir. Dünya birliyinin bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına seçilmək ölkəmizin tarixi qələbəsidir.

Yəni, istənilən sahəyə baxsaq görərik ki, Azərbaycanın uğurlu inkişafı təmin edilir. Dünyada, Avropada yaşanan iqtisadi böhranlar, bəzi hallarda siyasi çəkişmələr bizə heç bir təsir etməmişdir, edə də bilməz. Çünki bizim siyasətimizin təməlində dövlət maraqları dayanır. Xalqla iqtidar arasındakı birlik bizim inkişafımızı şərtləndirən amillərdən biridir. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf, demokratiya, milli həmrəylik yoludur.

Ölkəmizin hərtərəfli inkişafı, o cümlədən humanitar sahədə -millətlərarası, dinlərarası dialoqun aparılması sahəsində uğurlu təcrübəsi bu gün dünyada öyrənilir. Təsadüfi deyildir ki, Bakı şəhəri bölgənin və hətta deyə bilərəm ki, dünyanın mərkəzlərindən birinə çevrilmişdir. Bakıda yüksək səviyyəli tədbirlər artıq adi hala çevrilmişdir. Zirvə görüşləri, dünya liderlərinin görüşləri, iqtisadi forumlar, humanitar forumlar, - bütün bunlar reallıqdır və Bakı dünya xəritəsində artıq öz layiqli yerini tuta bilmişdir".

İlham Əliyevin sözlərinə görə, növbəti illər üçün də bizim konkret proqramlarımız vardır: "Biz gələcəkdə də bu proqramlar üzrə işləyəcəyik. Mən heç şübhə etmirəm ki, ölkəmizin dayanıqlı inkişafı təmin ediləcəkdir. Yəni, görülən işləri, - bu gün çıxışlarda onların bir hissəsi səslənəcək, - foyedə qoyulan stendlərdə əyani şəkildə görmək olar. Bunlar təkcə Bakı şəhərinə aid olan stendlərdir. Amma bütövlükdə ölkə üzrə gedən müsbət proseslər əminəm ki, gələcəkdə də davam etdiriləcəkdir.

2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı qəbul olunarkən biz bir neçə məqsədi qarşımıza qoymuşduq. İlk növbədə, qarşıya bölgələri inkişaf etdirmək, bölgələrdə iş yerlərinin açılmasına, yerli sahibkarlığın inkişafına nail olmaq, idxaldan asılılığımızı azaltmaq, infrastruktur layihələri yaratmaq məqsədləri qoyulmuşdu ki, insanlar bölgələrdən böyük şəhərlərə miqrasiya etməsinlər. Nəticə etibarilə qarşıya məsələ qoyulmuşdur ki, bölgələrlə Bakı arasındakı fərqi azaltmaq lazım idi. Biz son on il ərzində, - artıq iki regional proqram icra edilibdir, - buna nail ola bilmişik".

Dövlət başçısının fikrincə, ancaq Bakı şəhərinin sürətli inkişafı əlbəttə ki, bu fərqi tam aradan qaldırmağa imkan vermir və bu da təbiidir: "Çünki Bakı bu gün dünya miqyasında ən gözəl şəhərlərdən biridir. Bakıya gələn hər bir qonaq bunu qeyd edir və öz təəccübünü gizlədə bilmir. Mənim çoxsaylı təmaslarımda, xarici qonaqlarla görüşlərimdə, demək olar onların mütləq əksəriyyəti qeyd edir ki, Bakının bu dərəcədə gözəl olduğunu gözləmirdilər. Bakı gözəl şəhərdir, gözəl təbiəti, gözəl ab-havası vardır.

Bakının gözəlliyi təkcə binalarda deyildir. Bakının gözəlliyi şəhərimizdə olan tarixi ab-havadadır. Gözəl şəhərlər, gözəl binalarla dolu olan şəhərlər vardır. Ancaq şəhərin gözəlliyini bunlar müəyyən etmir. Bakının özünəməxsus, spesifik bir aurası, tarixi, tarixi siması vardır. Mən şadam ki, son illər ərzində biz Bakının tarixi simasını qoruya bilmişik. Eyni zamanda, hər bir şəhər kimi Bakının da inkişafı təmin edilməli idi. Hesab edirəm ki, biz burada həm tarixi saxlamaqla, memarlıq abidələrini bərpa etməklə, eyni zamanda, müasir infrastrukturun yaradılması, yeni binaların tikilməsi istiqamətində də çox düzgün siyasət aparmışıq ki, müasirliklə qədim tarix burada - Bakıda ziddiyyət təşkil etmir, əksinə bir-birini tamamlayır".

Prezidentin sözlərinə görə, Bakının bir neçə mərkəzi vardır: "Bu da hər bir şəhərdə mövcud olan mənzərə deyildir. İçərişəhər, Azadlıq meydanı, "Azneft" meydanı tarixi mərkəzdir. Hazırda Bayraq Meydanı mərkəzə çevrilibdir, Bulvar, onun yenilənmiş variantı və Yeni Bulvar, "Ağ Şəhər" Bulvarı, Heydər Əliyev Mərkəzi, mərkəzi park - görün, Bakıda son illər ərzində nə qədər ictimai yerlər abadlaşıb, yaradılıb. Biz bu istiqamətdə siyasəti davam etdirəcəyik. Bu barədə bir qədər sonra danışacağıq.

Yəni, regional inkişaf proqramının qəbul olunması, ölkə iqtisadiyyatına qoyulan sərmayə, xarici sərmayə üçün yaradılan şərait bizim dinamik inkişafımızı təmin edib. Əgər fikir vermisinizsə, son vaxtlar biz neft-qaz sektorunun inkişafı ilə bağlı o qədər də geniş müşavirələr keçirmirik. Çünki burada hər şey yerinə oturubdur".

İlham Əliyev qeyd edib ki, Azərbaycanın neft strategiyası 1990-cı illərdə müəyyən edilibdir: "Bu strategiyanı icra edirik. Əlbəttə ki, son on il ərzində neft-qaz sektorunun inkişafı, maraqlarımızın təmin edilməsi üçün tarixi nailiyyətlər əldə edilmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft, qaz kəmərləri, "Şahdəniz" layihəsinin icrası, "Şahdəniz-2" layihəsinə start verilməsi xalqımız üçün, gələcək üçün böyük bir nailiyyət olacaq və ölkəmizin müstəqil inkişafını təmin edəcəkdir.

Çünki biz 22 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Dünyaya, özümüzə sübut edə bilmişik ki, müstəqil ölkə kimi nəinki yaşaya, inkişaf da edə bilərik və dünya miqyasında ən sürətlə inkişaf edə bilərik. Bu, bizim böyük nailiyyətimizdir, uğurumuzdur, xalqımızın qələbəsidir. Biz çalışmalıyıq ki, Azərbaycan bundan sonra da yalnız yüksələn xətlə inkişaf etsin.

Buna nail olmaq üçün əlbəttə ki, hamımız çox fəal işləməliyik. Deyə bilərəm ki, cəmiyyətdə də çox gözəl ab-hava vardır. Cəmiyyət bizim siyasətimizə öz səsini əlavə edir. Bu dəstək olmasa idi, biz bu nailiyyətlərə çata bilməzdik. Ona görə gələcək illərlə bağlı konkret proqramların icrası nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil edilməlidir. Qeyri-neft sektorunun inkişafı davam etdirilməlidir. Yüksək texnologiyaların inkişafı təmin ediləcəkdir".

Prezident vurğulayıb ki, Azərbaycan artıq kosmik dövlətdir: "Kim bunu bir neçə il bundan əvvəl təsəvvür edə bilərdi?! Kim təsəvvür edə bilərdi ki, bu gün o qədər də sayca böyük olmayan kosmik kluba Azərbaycan da üzv olacaqdır?! Yəni, bu, mümkündür. İradə, düşünülmüş siyasət və dövlət maraqları ön yerdə olan halda bütün bu nailiyyətlərə çatmaq mümkündür.

Ona görə bizim müstəqillik illərindəki təcrübəmiz, bugünkü maliyyə vəziyyətimiz, hökm sürən sabitlik, ictimai-siyasi asayiş imkan verir ki, biz ölkəmizi uğurla inkişaf etdirək, inamla idarə edək. Dünyada, bölgədə yaşanan böhranlara baxmayaraq, biz öz yolumuzla gedirik. Bu yoldan bizi heç kim döndərə bilməz. Bizim yolumuz müstəqillik yoludur, inkişaf yoludur. Bu yolda əminəm ki, biz yeni qələbələrə nail olacağıq.

Bakı şəhərinin və xüsusilə onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramının da çox böyük əhəmiyyəti vardır. Çünki Bakıda hələ bir çox infrastruktur layihələri icra edilməli idi. Xüsusilə qəsəbələrdə böyük işlər görülməli idi. Bu Proqramın əsas mahiyyəti ondan ibarət idi ki, Bakı şəhərinin hər bir rayonunda ən müasir şərait yaradılsın. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyildir. Bakının mərkəzdən uzaq olan yerlərində də inkişaf getməlidir və gedir. Burada, foyedə nümayiş etdirilən stendlərdə son iki il ərzində görülən işlər haqqında məlumat verilir".

İlham Əliyev çıxışında xatırladıb ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı qısamüddətli proqram idi: "Cəmi iki il yarımı əhatə edirdi. Mən başa düşürdüm ki, bu, çox az bir müddətdir. İki il yarım ərzində bütün məsələləri həll etmək mümkün deyildir. Ancaq qarşıya hədəf qoyulmuşdur ki, biz nə qədər mümkündürsə, Bakıda bütün problemlərin həllinə tez nail olaq.

Proqram qəbul olunandan sonra onun icrası başlamışdır. Əlbəttə ki, dövlət büdcəsində Bakı şəhərinin və onun qəsəbələrinin inkişafı məsələləri öz əksini tapmışdır. Qısa müddət ərzində böyük işlər görülmüşdür, infrastruktur layihəsi icra edilmişdir. Bu gün Bakıda elektrik enerjisi ilə bağlı problemlər demək olar ki, yoxdur. Yığımla bağlı problemlər yoxdur. Vaxtilə ən böyük problemlərdən biri də ödəməmələr idi. Dövlət qurumları bir-birinə olan borcları ödəyə bilmirdilər. Beləliklə, çox qeyri-sağlam vəziyyət yaranmışdı. Artıq bu, keçmişdə qaldı.

Qazlaşdırma ilə bağlı demək olar ki, problem öz həllini tapmışdır. Bakı şəhəri təxminən 100 faizə yaxın qazlaşdırılıbdır.

Qazlaşdırılmayan yerlərə də qaz çəkiləcəkdir. Su-kanalizasiya layihələrinin icrası istiqamətində genişmiqyaslı işlər başlamışdır. Bu işlər davam etdiriləcəkdir. Biz bu barədə danışacağıq.

Bakının istilik sisteminin bərpa edilməsi məsələsi kəskin şəkildə dayanmışdır. Çünki sovet vaxtında quraşdırılan avadanlıq sıradan çıxmışdır. Ondan sonra bəzi hallarda vətəndaşlar batareyaları kəsib kənara atmışlar. Ona görə bəzi yerlərdə bu günə qədər də istiliyi bərpa etmək çətindir. Ancaq buna baxmayaraq, bu istiqamətdə də işlər gedir.

Bakının yolları bərpa olunur, təmir edilir, yeni yollar açılır. İctimai zonalar yaradılır. Qəsəbələrlə bağlı kompleks tədbirlər icra edilir. Qəsəbələrin problemlərini biz bilirik. Mən Bakı qəsəbələrində tez-tez oluram. Biz problemləri dərindən öyrənirik və son iki il ərzində onların bir hissəsi, deyə bilərəm ki, böyük hissəsi həll olunmuşdur. Qalan hissəni də biz yaxın illərdə həll edəcəyik. Qəsəbələrarası yolların tikintisi sürətlə gedir. Bu yollar təkcə qəsəbələrarası yollar deyil, bütövlükdə Bakı şəhərinə xidmət göstərir. Yeni yollar çəkilir, bərpa edilir, genişlənir. Yəni, Bakıda yaşayan vətəndaşlar bunların hamısını yaxşı bilir.

Bəlkə də bu barədə çox danışmağa ehtiyac yoxdur.

Ancaq biz kompleks şəkildə yanaşmışıq ki, qəsəbələrdə bütün məsələlər öz həllini tapsın. Məktəb, xəstəxana, yollar, su, kanalizasiya, işıq, qaz, iş yerləri, - bu məsələyə də diqqət göstərilir. Əgər ilkin mərhələdə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə daha çox bölgələrə kreditlər ayrılmışdısa, hazırda Bakı qəsəbələrinə də güzəştli şərtlərlə böyük həcmdə kreditlər ayrılır.

Yəni, biz bu istiqamətdə, yenə də demək istəyirəm ki, böyük işlər görmüşük. Görüləcək işlər çoxdur. Ona görə biz bu gün - ilin sonunda Bakı və onun qəsəbələrinin inkişaf proqramının başa çatması ilə əlaqədar bu konfransı keçiririk".

Foto


Teqlər: