“Hacıbala Abutalıbova, dedim ki, bu nə məsələdir?”

“Hacıbala Abutalıbova, dedim ki, bu nə məsələdir?”
  24 Dekabr 2013    Oxunub:941
“Bilmirəm haradan çıxdı, sonradan elə qış bulvarı kimi tanınır, amma mən qış bulvarının mənasını başa düşə bilmirəm, bu, nə deməkdir”.

Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransda prezident Bakı şəhərində tikilən binalardakı nöqsanlardan danışıb.

“Heydər Əliyev Mərkəzi bu gün dünya miqyasında ən gözəl memarlıq abidələrindən biridir. Yeni bulvar bu gün ən gözəl istirahət zonalarından biridir. İndi baxın, insanlar üçün nə qədər gözəl imkanlar yarandı. Bu gün hansı şəhərdə bu sahələrə bu qədər investisiya qoyulur? Ancaq Bakıda. Digər ictimai yerlərin yaradılması da bax, bizim iradəmizi göstərir. Mərkəzi park - onu kimsə qış bulvarı adlandırırdı. Bilmirəm haradan çıxdı, sonradan elə qış bulvarı kimi tanınır, amma mən qış bulvarının mənasını başa düşə bilmirəm, bu, nə deməkdir. Yəni, əgər qapalı bir yer olsaydı deyərdim ki, insanlar gəzmək üçün qışda oraya gedə bilərlər. Bunun adı Mərkəzi parkdır. Onun altında dörd min maşınlıq parkinq tikilibdir. Üstü də gözəl bir parkdır, gəzinti zonasıdır. Əgər biz o vaxt iradə göstərib o yerləri yenidən qurmasaydıq nə olacaqdı?! Orada o küçə ilə maşınlar keçə bilmirdi. Füzuli küçəsindən o tərəfə - Dram Teatrına qədər bircərgəli sağ-sol yolda maşının keçməsi mümkün deyildi. İndi hər iki istiqamətə 4-5 zolaqlı yollar çəkilib. O sahələrlə bağlı bizim gələcək planlarımız da vardır. Orada köçürülən binaların yerində ictimai yerlər olmalıdır, ancaq ictimai yerlər. İndi harada ki, şəhərsalma qaydalarına uyğun olaraq köçürülmə baş verirsə, onların yerində ictimai yerlər, parklar salınmalıdır. Orada bir dənə də bina tikilməməlidir. Kim bina tikmək istəyirsə, iş adamları getsinlər harada indi köçürmə lazımdırsa, orada yaşayan vətəndaşlarla danışsınlar, anlaşsınlar, köçürsünlər, onların yerində bina tiksinlər. Biz Bakını parklar, bağlar şəhərinə çeviririk. Bakının artıq bir neçə mərkəzi vardır. Bu da deyə bilərəm ki, Bakının əlamətidir, xüsusiyyətidir. Burada abadlıq, gözəllik, rahatlıq və funksional tərəflər vəhdət təşkil etməlidir. Bu yaxınlarda biz Dədə Qorqud parkının açılışını qeyd etdik. Orada ilk dəfə olaraq süni göl yaradıldı. Altı hektarı əhatə edən böyük parkdır, gözəl gəzinti yerinə çevrilibdir. Biz parkın genişləndirilməsini də nəzərdə tuturuq. Yəni, bütün bu işlər insanlara xidmət göstərir, şəhərimizi gözəlləşdirir və Bakıda yeni bir mühit yaradır.

Yeni yaşayış binalarının tikintisi ilə bağlı hesab edirəm ki, bu sahədə də daha ciddi nəzarət olmalıdır, özbaşınalıq olmamalıdır. Çünki hətta bu yaxınlarda yeni köçürülmüş ərazidə, hansı ki, ictimai yerlərin yaradılması nəzərdə tutulurdu, bir də gördüm ki, orada bina qaldırırlar. Zəng etdim Hacıbala Abutalıbova, dedim bu nə məsələdir? Dedi ki, belə şey ola bilməz. Dedim ki, gedin yoxlayın, necə ola bilməz?! Getdi yoxladı, gördü ki, bəli, qanunsuz bina qaldırırlar. O yer iki həftə nəzarətsiz qaldı, dərhal kimsə gəlib orada bina qaldırmağa başladı. Təbii ki, dərhal söküldü və o binanı orada tikmək istəyən də öz payını almalıdır. Özbaşınalıq və anarxiya ola bilməz. Qanunsuz tikirlər, sonra da gəlirlər bunu qanunsuz yollarla sənədləşdirirlər. Şəhərimizin bütün memarlıq ansamblı pozulur.

Ona görə, hesab edirəm ki, yeni yaşayış binalarının tikintisi ilə bağlı məhdudiyyət qoyulmalıdır. Hər bir layihə ciddi araşdırılmalıdır. Biz şəhərin mərkəzində bütövlükdə yeni binaların tikintisinə baxmalıyıq, bunları çox ciddi şəkildə məhdudlaşdırmalıyıq. Ona görə bu məsələlərə çox ciddi nəzarət olmalıdır və bu işlər planlı şəkildə görülməlidir.
Bakının gələcək inkişafı ilə bağlı şəhərsalma konsepsiyası vardır, təsdiq edilibdir. Bax, bütün işlər onun əsasında görülməlidir”.


Teqlər:  





Xəbər lenti