"Coker", "1917", "İrlandiyalı" filmlərində zərərli proqramlar var

"Coker", "1917", "İrlandiyalı" filmlərində zərərli proqramlar var
  13 Fevral 2020    Oxunub:4453
“Kaspersky” şirkəti bu il "Oskar" mükafatına namizədliyi irəli sürülmüş 9 filmin adının fişer və zərərli proqram müəllifləri tərəfindən neсə istifadə edildiyini təhlil edib.
Şirkətdən Azvision.az -a verilən məlumata görə, ümumilikdə, mütəxəssislər 2019-cu ilin premyeralarını pulsuz izləmək fürsətini qazandıran 20-dən çox fişinq sayt və bu filmlərin adları ilə əlaqəli daha 925 zərərli fayl aşkarlayıblar. Ən son yenilikləri pulsuz izləməyi təklif edən fişinq saytların köməyi ilə cinayətkarlar istifadəçilərin şəxsi və maliyyə məlumatlarını toplayıblar.

Nəticələrə görə, kiber cinayətkarlar arasında ən populyar filmlər “Coker” (304 zərərli fayl), “1917” (215 zərərli fayl) və “İrlandiyalı” (179 zərərli fayl) olub.

“Cinayətkarlar aktual tendensiyaları izləyirlər. Film sənayesi də istisna deyil. Onlar tələlərini premyeradan həm əvvəl, həm də sonra – film tamaşaçı marağının pik zirvəsində olduğu zaman quraşdırırlar. Mümkün risklərin qarşısını almaq üçün kinosevərləri yalnız rəsmi platformalardan istifadə etməyə çağırırıq", - bunu “Kaspersky” şirkətinin antivirus mütəxəssisi Anton İvanov deyib.

“Kaspersky” şirkəti cihazlarına film əvəzinə zərərli proqram yükləməmək üçün istifadəçilərə bir sıra tövsiyələr edib. İlk olaraq filmlərin premyeralarının rəsmi tarixlərini izləmək və film prokata çıxmamış onu izləməyi təklif edən saytlara etibar etməmək təklif olunur.

Həmçinin filmi yükləməzdən əvvəl faylın genişlənməsini yoxlamaq lazımdır. Bu əlavələr .avi, .mkv və ya .mp4 ola bilər, lakin heç bir halda .exe olmalı deyil. Həmçinin kiber təhdidlərdən hərtərəfli qorunmaq ücün “Kaspersky Security Cloud” kimi etibarlı həllərdən istifadə etmək tövsiyə olunur.

Azvision.az


Teqlər: Film   Virus  





Xəbər lenti