Uhandan təxliyə edilən azərbaycanlılar sabah Bakıya gələcək

  14 Fevral 2020    Oxunub : 1728
 Uhandan təxliyə edilən azərbaycanlılar sabah Bakıya gələcək
Türkiyənin Çinin Uhan şəhərindən təxliyə etdiyi və aralarında azərbaycanlıların da olduğu 42 nəfərin karantin müddəti başa çatıb və yekun müayinə zamanı onlarda virus aşkarlanmayıb.

Azvision.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Onun sözlərinə görə, həmin şəxslər normal həyatlarına davam edəcəklər.
“Azərbaycan, Gürcüstan və Albaniyadan olmaqla 10 nəfər bir gün artıq qalmaq istədiklərini bildirdilər, biz onları bir gün qonaq edəcəyik. Sabah onlar öz vətənlərinə gedəcəklər", - deyə nazir əlavə edib.

F.Qoca təxliyə prosesində göstərdikləri köməyə görə Müdafiə, Xarici İşlər nazirliklərinə, həmçinin tibb işçilərinə təşəkkür edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Çin