“14 yaşımda müəllimə aşiq olmuşdum, dəli-divanə idim” - Tanınmışların sevgi etirafları

“14 yaşımda müəllimə aşiq olmuşdum, dəli-divanə idim” -  Tanınmışların sevgi etirafları
  15 Fevral 2020    Oxunub:16570
Ötən gün - 14 fevral Beynəlxalq Sevgililər günü idi. Bir-birinin qəlbini oxşayıb, qulağına eşq, məhəbbət sözləri pıçıldayan gənclər bu günü adətən bayram kimi qeyd edirlər. Yaşlı nəslin nümayəndələri isə onlara baxıb, bir zamanlar yaşadıqları eşq macəralarını yada salaraq xatirələrə dalırlar.
Azvision.az tanınmış şəxslər arasında sorğu keçirərək onların sevgi əhvalatlarını öyrənməyə çalışıb.



Xalq artisti Könül Xasıyeva bir vaxtlar ona sevgi etiraf edildiyini deyib: “Mən heç kimə sevgi etirafı etməmişəm, ancaq həyat yoldaşım mənə edib. Onunla toyda tanış olmuşduq. İş yoldaşım olub. Sonra zəng edib, sevgisini etiraf etdi”.



Aşıq Əhliman evlənəndən sonra sevdiyini bildirib: “Mən kənd uşağı olmuşam. Gəncliyimdə sevib-sevilmək nədir bilməmişəm. Amma sonradan, evlənəndə bilmişəm”.



Xalq artisti Aftandil İsrafilov həyat yoldaşına qəlbən vurulduğunu etiraf edib: “Ürəyim bir nəfəri möhkəm istəyib. Ona sevgi deyirlər. O da bizim evin xanımıdır. 3 uşaq anasıdır. Çox qabiliyyətli, bilikli, savadlı qadındır. Hələ yaşayır, göz dəyməsin gümrahdır. İnşallah, bundan sonra da nə qədər yaşayacaq. Bizdə elə şey olmayıb ki, küsək və bir müddətdən sonra barışaq. Həyatın gedişatı bizi nümunə göstəriləcək kimi edib”.



Kinorejissor Əbdül Mahmudov isə fransız dili müəllimini sevirmiş: “Mən içində daim eşq, məhəbbət yaşadan qoca kişiyəm. Məni yaşadan sevgidir. 14 yaşımda bizə Fransız dilindən dərs deyən qadın müəllimdən ötrü dəli-divanə olmuşdum. Onu dəlilər kimi sevirdim. Gedib evinin çəpərinə oturub, o, yatana kimi baxırdım. Xəyallar, arzular qururdum. Axırda 33 yaşımda uşaqlarımın anası ilə rastlaşdım. Onunla da subaylığa son qoydum. İndi məhbbətim, eşqim ailəmə, nəvələrimədir”.



Aktrisa Naibə Allahverdiyeva həyat yoldaşının ona olan sevgisindən söz açıb: “4-5 il bundan öncə həyat yoldaşımla təzə tanış olanda məndən xoşu gəldiyini dedi. Mən də ona qarşılıq verdim. Qadın sevilməsə, onda həyata qarşı sevgi ola bilməz. Yoldaşım ondan küsəndə deyir, sən olmasan, mən yaşaya bilmərəm, biz bir yerdə ölməliyik”.



Xalq artisti Tariyel Qasımovun sevgisi isə başına bəla olub: “İlk dəfə 8-ci sinifdə oxuyanda sevmişəm. Uşaq olanda anam deyərdi ki, bala kolxoz sədrinin oğlusan, kolxoz sədrinin qızını sevməlisən. Sinifimizə gələn qızlardan birinin atası kolxoz sədri idi. Minayə adlı həmin qıza şanlı bir sevgi məktubu yazmışdım. Qız məktubu oxuyub ağladı. Ədəbiyyat müəllimi Səkinə xanım ondan nə baş verdiyini soruşanda, məktubu ona verdi və əli ilə məni işarə etdi. Müəllim mənə tərəf gəlib vurmaq istəyəndə özümü müdafiə etdim və bilmədən əlimdəki qələm Səkinə xanımın əlinə girdi. Müəllim yerə yıxıldı. Sinif otağından qaçıb, bir həftə dərsə getmədim. Atam bundan xəbər tutanda, mənə şillə vurdu. Məktəbə qayıdandan sonra direktor məni nar çubuğu ilə elə döydü ki, bir həftə yataqda qaldım. Ondan sonra sevməyin daşını atdım, dedim, qızlar məni sevsin. Məni çox adam sevirdi. Xalq artistləri, şairələrlər də var idi”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Sevgi   Eşq   Məhəbbət  





Xəbər lenti