`Bir Prezidentin portreti` İstanbulda - FOTOLAR

`Bir Prezidentin portreti` İstanbulda - FOTOLAR
  25 Dekabr 2013    Oxunub:1197
İstanbuldakı “Çırağan” sarayında tanınmış britaniyalı müəllif və sənədli filmlər rejissoru, Kral Coğrafiya Cəmiyyətinin üzvü Qrem Uilsonun “Bir Prezidentin portreti” kitabının təqdimat mərasimi keçirilib. Kitabı türk dilinə Türkiyənin tanınmış tərcüməçilərindən biri olan Tayfun Toruner tərcümə edib.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov bildirmişdir ki, Prezident İlham Əliyevin ad günündə bu kitabın təqdimatının İstanbulda keçirilməsi əlamətdar hadisədir. Qardaş Türkiyə ilə əlaqələrimiz gündən-günə inkişaf edir.

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 10 il ərzində görülən işlər haqqında ətraflı məlumat verən Z.Əsgərov bildirib ki, ölkəmizdə iqtisadi və sosial sahədə böyük nailiyyətlər qazanılan, Azərbaycanın ilk süni peyki orbitə çıxarılıb, ölkəmiz BMT Təhlükəsizlik Şurasının üzvü olub. Bu inkişaf bəzi dairələrdə qısqanclıq doğursa da, tərəqqi prosesi davam edəcəkdir. Türkiyə ilə Azərbaycan birlikdə daha böyük nailiyyətlər qazanacaqlar.

Kitabın müəllifi Qrem Uilson bildirmişdir ki, İlham Əliyev dünyanın dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin siyasətini davam etdirməklə, regionda və dünyada baş verən prosesləri müdrikliklə qiymətləndirir və ölkəsinin inkişafı istiqamətində qətiyyətli qərarlar qəbul edir. Azərbaycan Prezidenti təmkinli, qətiyyətli və novator bir lider kimi dünyanın siyasət xadimləri arasında öz layiqli yerini tutub.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirmişdir ki, bu kitab ölkəmizin tarixini əks etdirən mötəbər mənbədir. Bu gün Türkiyə və Azərbaycan yüksəliş dövrü yaşayır. Eyni zamanda, iki qardaş ölkənin əlaqələri indiki qədər strateji əhəmiyyətə malik olmamışdır. Bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin xüsusi xidmətləri vardır. Dövlətimizin başçısı bu yaxınlarda Türkiyənin “Dövlət nişanı” ordeninə və Xəzər Strateji İnstitutunun “İlin adamı” mükafatına layiq görülüb. Bu gün ölkəmiz bütün mühüm beynəlxalq enerji və kommunikasiya layihələrini məhz qardaş Türkiyə ilə birgə həyata keçirir. Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 4,2 milyard dolarla çatmışdır. Bakı-Tbilisi-Qars layihəsinin istifadəyə verilməsindən sonra bu rəqəm daha da yüksələcək.

Mərasimdə Azərbaycan, Türkiyə və digər ölkələrdən dəvət olunmuş ictimai-siyasi xadimlər - Türkiyənin millət vəkilləri Harun Karaca, Mustafa Kabakçı, HASEN-in baş katibi Haldun Yavaş, professor Deniz Ülke Arıboğan, kitabın türk dilində nəşrini həyata keçirən “İnfomag” nəşriyyatının direktoru Serdar Turan, jurnalist Murat Yetkin də çıxış edərək Azərbaycanın dövlət başçısının liderliyi ilə ölkəmizin qazandığı nailiyyətlərdən, kitabın məziyyətlərindən danışıblar.

Q.Uilsonun 512 səhifədən, 40 fəsildən ibarət olan kitabında Azərbaycanın tarixi, ölkəmizin ən qədim dövrlərdən zəmanəmizə qədər siyasi inkişafının spesifikası öz əksini tapıb. Müəllif qədim Azərbaycanın tarixinə, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinə, Azərbaycanın sovet dönəminə, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin bioqrafiyalarına, onların həyat və fəaliyyətinə xüsusi yer ayırıb.

Kitabda Xocalı faciəsi və 20 Yanvar haqqında məlumatlar, habelə Azərbaycanın şəffaflıq, təhsil, səhiyyə, sosial təminat, uzunömürlülük və iqtisadiyyat kimi amillər üzrə inkişafına şərait yaradan məsələlər öz əksini tapıb.

Qalereya




Teqlər:  





Xəbər lenti