66 yaşı tamam olan Əməkdar artist: “Əziyyətli günlərim çox olub”

66 yaşı tamam olan Əməkdar artist:  “Əziyyətli günlərim çox olub”
  19 Fevral 2020    Oxunub:18259
“Mənim üçün oxudular, şeir dedilər və qucaqladılar”

Bu gün Əməkdar artist Firuzə İbadovanın doğum günüdür. 66 yaşını qeyd edən müğənni doğum günü təəssüratlarını Azvision.az -la bölüşüb.
- Firuzə xanım, kişilər haqqında “yaş kişinin var-dövlətidir” deyirlər. Bəs qadın üçün yaş nədir?

- Yaş insanla bərabər ömür sürür. Çox sevinirəm ki, bu yaşa gəlib çatdım, bunu gördüm.

- Keçmişə dönüb baxsanız, hansı illəriniz üçün köks ötürərsiniz?

- Bütün ötüb keçən illərim mənə əzizdir. Hətta hər günüm mənə doğmadır, dəyərlidir. Keçən illərə nəzər salanda sənət uğurlarımı, tamaşaçı sevgisini görürəm. Gözəl xatirələrim var.

- Bu gün özünüzlə baş-başa qalanda haqqınızda hansı fikirlər ürəyinizdən keçdi?

- Əvvəl dedim ki, mən bir az sakitəm. Bu pisdir, yoxsa yaxşı? Qərar verdim ki, yaxşıdır. Sonra dedim, elə bil, özümü bir az arxaya çəkirəm. Bu yaxşı haldırmı? Düşündüm ki, hərdən belə lazımdır. Yəni, çox heyifslənmirəm. Necəyəmsə, elə də qəbul edilirəm. Dostlarım məni çox sevir. Qarmon ifaçısı Gövhər Rzayeva ilə uşaqlıqdan dostluq edirəm. Böyük sənətkarlarımızdan dərs almışam. Dünyanın 50-dən çox ölkəsini gəzmişəm. Həyatımı hesaba çəkəndə peşmanlıq görmədim.

- Bu gün sizi necə təbrik etsələr və ya nə hədiyyə etsələr ürəyinizin sarı simini tərpədər?

- Doğum günümdə mənimlə birgə 3 xanım bir yerdə oldu. 4 nəfər ad günümü qeyd etdik. Onlarla bir yerdə olduğum üçün Allaha çox şükür etdim ki, nə yaxşı, mənim ətrafımda belə dəyərli, şəxsiyyətli xanımlar var.

- Bəs nəvələriniz necə təbrik etdilər?

- Oxudular, şeir dedilər, qucaqladılar. Səmimi qəlbdən gələn təbriklər oldu.

- Yadınızda hansı doğum günləriniz qalıb?

- 1984-cü ildə xarici ölkədə olanda ad günümü qeyd etmişdik. O mənim daha çox yadımda qalıb.

- Zaman qadınlara qarşı çox amansızdır. Sanki illər onların gözəlliklərini, qadınlıqlarını işğal edir. Bu, yeni yaşınızda sizi qorxutmur?

- Mən qorxmuram. Hətta fəxr edirəm ki, bu yaşa gəlib çatmışam.

- 66-nın kürəyini yerə vurmaq, zamanla baş-başa gəlmək sizə çətin olmadı ki?

- Əlbəttə, çətinliklərim çox oldu. Ancaq əziyyətli günlərin içində elə bir gün olur ki, sən olanları unudursan. Və bu gün yalnız onu xatirəndə saxlayırsan.

- Heç olubmu ki, usanasınız və çiyninizdəki yükləri atıb nəfəs almaq istəyəsiniz?

- Yox qızım, bəlkə də Allah belə istəyir. Dostlarım yanımda olanda, yüküm azalır.

- Bu gün özünüzü hansı mahnınızla təbrik etmək istərdiniz?

- Oqtay Kaziminin “Məhəbbət” mahnısı ilə təbrik edərdim.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Firuzə-İbadova   Əməkdar-artist  





Xəbər lenti