5 trilyon dollarlıq plan - Səfir real nəticələri açıqladı

 5 trilyon dollarlıq plan  - Səfir real nəticələri açıqladı
  18 Fevral 2020    Oxunub:2529
Dünyanın 5-ci ən böyük iqtisadiyyatına malik olan Hindistan 2024-cü ilədək ümumdaxili məhsul istehsalının həcmini 5 trilyon dollara çatdırmağı planlaşdırır.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Bakıdakı səfiri Bavitlunq Vanlalvavna deyib. Onun sözlərinə görə, Hindistan iqtisadiyyatı həyata keçirilən davamlı struktur islahatlar, cilovlanan infilyasiya və sürətli inkişafla güclü qalmağa davam edir.

“2019-cu ilin sonuna olan məlumata görə, ölkə 457,5 milyard dollarlıq valyuta ehtiyatlarına sahibdir. Hindistanın Maliyyə Nazirliyi "Yaşayış rahatlığı" ili elan edilmiş 2020-2021-ci büdcə ili üçün bir sıra təkliflər irəli sürüb. "Aqrar təsərrüfatda, suvarma və kəndlərin inkişafı sahəsində icra olunacaq 16 fəaliyyət üçün büdcədən 28,18 milyard, səhiyyə sektoruna ayrılan vəsait 9,72 milyard, təhsil sektoruna isə 13,99 milyard dollar ayrılıb" deyən səfirin sözlərinə görə, 2020-2021-ci il üçün Hindistanın dövlət büdcəsindən, sənaye və ticarətin inkişafı və təşviqi üçün 3,85 milyard dolların ayrılacaq. Beş yeni "Ağıllı şəhər" proqramının Dövlət Şəxsi Tərəfdaşlığı müstəvisində hökumətlə birlikdə hazırlanması təklif edilib. Növbəti beş il ərzində infrastruktur sahəsinə investisiyaların 1,4 trilyon dollara çatacağı gözlənilir və 2024-cü ilədək "Udaan" Sxemini dəstəkləmək üçün daha 100 hava limanının tikilməsi və yenidən qurulması gözlənilir. Bundan əlavə, dövlət büdcəsindən qida sənayesi ilə bağlı 5,01 milyard dollar, qadınlara məxsus proqramlar üçün isə 4,03 milyard dollar ayrılıb. Büdcə orta sinif vergi ödəyicilərinə əhəmiyyətli dərəcədə rahatlıq verib və bununla da alıcılıq qabiliyyətinin yüksələcəyi güman edilir”.

Diplomat vurğulayıb ki, investisiyanı təşviq etmək üçün büdcə ictimai sektora aid banklarda şəffaflıq və daha yüksək peşəkarlıq gətirilməsini təklif edir:

“Hazırda dövlətə məxsus bəzi qiymətli kağızlar da xarici investorlar üçün açıq olacaq. Büdcə, dərman, avtomobil hissələri və digər sektorlar üçün Mikro, Kiçik və Orta Müəssisələrin (MSME) ixracının təşviqi üçün 140 milyon dollar məbləğində sxem hazırlanıb.

Hindistan iqtisadiyyatı güclü xarici sərmayələr və iş mühitinin daim yaxşılaşdırılması hesabına inkişaf edib. Xarici hökumətlərin Suveren Sərvət Fondu tərəfindən investisiyanı sabitləşdirmək üçün, ən az kilidləmə müddəti ilə 31 mart 2024-cü ilə qədər olan üç il ərzində infrastruktur və prioritet sektorlara qoyulan investisiyalardan faiz, gəlir və kapital gəlirlərinə 100 faiz vergi güzəştinin verilməsi qərara alınıb. Hökumət bütün maraqlı tərəflərlə məsləhətləşmədən sonra aviasiya, media və sığorta sektorlarında birbaşa xarici investisiya üçün yeni imkanların yaradılması nəzərdən keçirir. Sığorta vasitəçiləri üçün 100 faiz birbaşa xarici investisiyaya icazə veriləcək və pərakəndə satış sektorunda xarici mənbələrin normaları birbaşa xarici investisiya üçün asanlaşdırılacaq. Qlobal bazar iştirakçıları tərəfindən ticarət üçün əlavə seçim olaraq beynəlxalq külçə birjaları qurulacaq və müəyyən edilmiş dövlət qiymətli kağızları qeyri-rezident investorlar üçün tam açılacaq. Korporativ istiqrazlar üçün Portfel Xarici İnvestisiya (FPI) limiti 15 faiz artırılıb”.

Səfirin sözlərinə görə, Hindistan dünyanın ən sürətli inkişaf edən böyük iqtisadiyyata sahib ölkələrindən biridir. ÜDM-nin 2020-21-ci illərdə 6-6,5 faiz artacağı gözlənilir. Dünya Bankının Doing Business reytinqində, Hindistan 2014-cü ildəki 142-ci yerdən 2019-cu ildə 79-cu pilləyə yüksəlib, iqtisadiyyat, xidmət və İKT sektorunda 2019-2020-ci illər ərzində xarici investisiya 15 faiz artaraq 26,1 milyard dollara çatıb.

Xaricdə yaşayan Hindistan vətəndaşları tərəfindən ölkəyə 38,4 milyard dollar pul köçürmələri daxil olub. Bütün ölkə üzrə kənd yerlərində 12,1, şəhərlərdə isə 13,9 milyon yeni iş yerinin yaradılması gözlənilir. Sosial xidmətlərə çəkilən xərclər sayəsində ölkə İnsan İnkişafı İndeksi sıralamasında mövqeyini yaxşılaşacaq.

Diplomat vurğulayıb ki, Hindistan Paris Sazişini həyata keçirmək əzmindədir və Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi yolunda da irəliləyir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hindistan   Səfir  





Xəbər lenti