ABŞ-ın ən böyük farsdilli radiosunda Azərbaycanla bağlı müsahibə - VİDEO

 ABŞ-ın ən böyük farsdilli radiosunda Azərbaycanla bağlı müsahibə -  VİDEO
  19 Fevral 2020    Oxunub:2996
Azərbaycanın Los Anceles şəhərindəki baş konsulu, Los Anceles Konsulluq Korpusunun duayeni (sədri) Nəsimi Ağayev ABŞ-ın ən böyük farsdilli radiosu olan, Los Ancelesdə fəaliyyət göstərən KIRN radiosunun aparıcısı Debbi Amininin dəvətilə radionun “One World, One Community” (Bir Dünya, Bir İcma) proqramının qonağı olub və Azərbaycanla bağlı geniş müsahibə verib.
Baş konsulluqdan Azvision.az -a verilən məlumata görə, proqram, həmçinin canlı şəkildə kanalın rəsmi sosial şəbəkə profillərində video formatında yayımlanıb.

Müsahibədə baş konsul N.Ağayev ölkəmizin müstəqillik tarixi haqqında ətraflı danışaraq, 1918-ci ildə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığını, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü bildirib.

Müsahibənin video-yazısını bu linkdə izləmək olar:

Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verən baş konsul ölkəmizdə müsəlmanlar ilə yanaşı, xristian, yəhudi, bəhai və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Azərbaycanda neft sənayesinin tarixi inkişafı haqda danışan baş konsul, Azərbaycan neftinin faşist Almaniyası üzərində qələbənin əldə olunmasında oynadığı mühüm rolu qeyd edib. Eyni zamanda, N.Ağayev İkinci Dünya müharibəsində Holokostdan qaçan minlərlə yəhudiyə Azərbaycanda sığınacaq verildiyini vurğulayıb.

Baş konsul daha sonra Azərbaycanın zəngin mədəniyyəti, mətbəxi, əsrarəngiz təbiəti, turizm imkanları, Bakı şəhərinin görməli yerləri, həmçinin Baş Konsulluğun Los Ancelesdə keçirdiyi tədbirlər və digər mövzular barədə tamaşaçıları məlumatlandırıb. Müsahibə zamanı “Arşın Mal Alan” operettasından hissələr, eləcə də Azərbaycanın turizm imkanlarına dair fars dilində hazırlanmış çarx səsləndirilib.

Qeyd edək ki, Los Ancelesdə və ümumilikdə Kaliforniya ştatının cənubunda sayı 500 mini keçən İran icması mövcuddur ki, bu da ABŞ-da ən çox iranlının yaşadığı bölgə hesab olunur.

Azvision.az


Teqlər: ABŞ   Konsul   Müsahibə  





Xəbər lenti