Pakistan mətbuatı İlham Əliyevdən yazdı

Pakistan mətbuatı İlham Əliyevdən yazdı
  25 Dekabr 2013    Oxunub:1047
Pakistanın ən böyük tirajla nəşr olunan qəzetlərindən olan "The Nation"-da "İlham Əliyev: Biz müasir dövlət qururuq" adlı məqalə dərc edilib.
AzVision.az xəbər verir ki, bu barədə trend-ə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

"90-cı illərin əvvəllərində qaçqın selinə, iqtisadiyyatı tənəzzülə uğrayan, əhalisi total ümidsizlik abu-havasında yaşayan Azərbaycanın parlaq gələcəyinə inananlar az idi" sözləri ilə başlayan məqalədə Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında inamlı addımlarla inkişaf etdiyi bildirilir. Oxucuların nəzərinə çatdırılır ki, əhalisi 10 milyondan az olan Azərbaycan Qafqazda aparıcı qüvvəyə çevrilib.

Qəzetdə İlham Əliyevin siyasi karyerası haqqında oxuculara məlumat verilib, onun 1995-ci ildə Milli Məclisin üzvü seçildiyi və Avropa Şurasında Azərbaycan nümayəndə heyətinə başçılıq etdiyi, 2003, 2008 və nəhayət 2013-cü il tarixində keçirilmiş prezident seçkilərində 85 faiz səslə inamlı qələbə çaldığı vurğulanıb.

Məqalədə bildirilir ki, ölkənin neft yataqlarının istismarı istiqamətində "Əsrin müqaviləsi"nə dair danışıqlarda İlham Əliyev aparıcı rol oynayıb, ölkə rəhbərliyinin həyata keçirdiyi müdrik neft strategiyası xalqın intibahına yol açıb. Bu siyasətin davamı olaraq neft və qazın nəqli marşrutları müəyyən edilib. Görülən işlər nəticəsində ölkə 78 milyard dollar mənfəət əldə edib, qazı idxal edən Azərbaycan bu məhsulu ixrac etməyə başlayıb.

Daha sonra məqalədə hava və nəqliyyat sektoruna qoyulan sərmayələr, çəkilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi və digər layihələrdən bəhs edilib.

Məqalədə vurğulanır ki, qısa müddət ərzində Azərbaycan regionun ən böyük sərmayəçisi olub. Dövlət tərəfindən yaradılmış Neft Fondunda toplanan neft gəlirləri iqtisadiyyatın diversifikasiyasına yönəlib. Təkcə 2012-ci ildə informasiya texnologiyaları sektoru 10 faiz artıb, ilk peyk orbitə buraxılıb, Trans-Avropa informasiya dəhlizi işə salınıb.

"The Nation"-nın məqaləsində dövlətin sosial sahəni daim diqqətdə saxladığı, təhsilə qayğı nəticəsində indiyə qədər minlərlə gəncin xaricdə təhsil aldığı bildirilib.

Yazıda İlham Əliyevin yürütdüyü xarici siyasətə böyük yer ayrılıb, Azərbaycanın aparıcı beynəlxalq təşkilatlara üzv olduğu, Qərb və Şərqlə bərabərhüquqlu münasibətlər qurduğu vurğulanıb.

Məqalədə görülmüş işlər nəticəsində ölkəmizin özünəməxsus imic qazandığı və məhz bu səbəbdən də bir sıra nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirildiyi qeyd olunur.

Daha sonra bildirilir ki, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ məsələsinin hələ də öz həllini tapmaması səbəbindən Azərbaycan öz hərbi qüdrətinin inkişaf etdirilməsinə böyük diqqət ayırır.

Məqalədə İlham Əliyevin Pakistan-Azərbaycan münasibətlərinə böyük önəm verdiyi, həyatın bütün sahələrini əhatə edən ikitərəfli münasibətlərin dinamikası, beynəlxalq və regional forumda qarşılıqlı dəstək haqqında oxuculara bilgilər verilir.


Teqlər:  





Xəbər lenti