Fevralın 23-də magistraturaya qəbul imtahanı keçiriləcək

Fevralın 23-də magistraturaya qəbul imtahanı keçiriləcək
  20 Fevral 2020    Oxunub:3335
Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 23-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanı keçirəcək.
DİM-dən Azvision.az -a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 49 imtahan binasında aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bəzi imtahan binalarına giriş zamanı “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd bakalavrların imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş bakalavrların əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Xatırladaq ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 3 dən 13-dək aparılıb. İmtahanda iştirak üçün 15 min 738 bakalavr ərizə təqdim edib. Onlardan 14 min 434-ü Azərbaycan bölməsi, 1304-ü rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 7139-u oğlan, 8599-u isə qızlardır. Bakalavrlardan 8352-si cari ilin, 7386-sı isə əvvəlki illərin məzunlarıdır, 34 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakıda 40, Gəncədə 4, Naxçıvan və Mingəçevirdə 2, Lənkəranda 1 binada təşkil olunacaq. Bakıda 13 min 347, Naxçıvanda 488, Gəncədə 1189, Mingəçevirdə 428, Lənkəranda 286 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 154 imtahan rəhbəri, 1580 nəzarətçi-müəllim cəlb olunacaq.

Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 18-dən etibarən DİM-in internet saytına daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən şəxsiyyəti təsdiqləyən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni özləri ilə gətirməlidirlər.

Göstərilən sənədlər arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 22-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti