“Sevilya bərbəri” Bakıda

“Sevilya bərbəri” Bakıda
  21 Fevral 2020    Oxunub:3798
Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ukrayna və Azərbaycanın opera ustalarının birgə iştirakı ilə Coakkino Rossininin “Sevilya bərbəri” komik operasının tamaşası keçiriləcəkdir.
Azvision.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi bu tamaşada iştirak etmək üçün Lvov Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Şulyakı (o tamaşada Almaviva rolunu ifa edəcəkdir) və Odessa Milli Akademik Opera və Balet Teatrının solisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Boqdan Pançenkonu (Fiqaro partiyasını ifa etmək üçün) dəvət edib.

Ukraynalı opera sənətkarları ilə yanaşı tamaşada həmçinin Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri - respublikanın Əməkdar artistləri İnarə Babayeva (Rozina), Tural Ağasıyev (Fiorello), Xalq artistləri Əli Əsgərov (Don Bazilio), Əkrəm Poladov (doktor Bartolo), gənc solistlər Nina Makarova (Berta) və Mahir Tağızadə (Zabit) çıxış edəcəklər.

Tamaşanı Teatrın baş dirijoru, Əməkdar artist, Dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.


Azvision.az



Teqlər: Opera   Teatr  





Xəbər lenti