Qəzetlərdən seçmə yazılar

  14 Mart 2013    Oxunub : 725
Qəzetlərdən seçmə yazılar
Telegraf
Vidadi İsgəndərli prezidentliyə namizədliyini elan etdi


Hüquq müdafiəçisi, İctimai Palatanın üzvü Vidadi İsgəndərli prezidentliyə namizədliyini irəli sürüb. V.İsgəndərli deyib ki, əslində onun prezident olmaq fikri yoxdur. Məqsədi xalq hərəkatının təşkilinə dəstək verməkdir və seçkiyə lap az vaxt qalmış xalqın ən şanslı namizədinin xeyrinə geri çəkilməyə hazırdır. V.İsgəndərli bildirdi ki, ola bilsin siyasətdən olan dostları bunu düzgün anlamasınlar. Ancaq müxalifət liderlərinə dəstək olaraq namizədliyini irəli sürüb xalqla təmasları artırmaq niyyətindədir. V.İsgəndərli İctimai Palatanın prezidentliyə namizədliyini irəli sürən ikinci üzvüdür. Bundan əvvəl də Müsavat başqanı İsa Qəmbər namizədliyini rəsmən elan edib. İP-in Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal isə V.İsgəndərlinin namizədliyini irəli sürməsində heç bir problem görmür.


Unikal
Lider kimdir?


Ölkəmizdə keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca, müxalifət partiyaları arasındakı dartışmalar da daha geniş miqyaslara keçir. Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu İctimai Palata rəhbərlərinin qurumu demokratik hərəkatın lideri kimi təqdim etmə cəhdləri tənqid edərkən deyib. Azərbaycanda normal, seçkilər keçirilmədiyindən hansısa bir partiya qabağa çıxaraq ana müxalifət partiyası kimi çıxış edə bilməz. İctimai Palatadakı partiyaların liderliyi haqqında danışmaq düzgün deyil. Sülhəddin Əkbərin bildirdiyinə görə, ümumən götürdükdə potensial var və bu potensialı müsbət qiymətləndirirəm. Azərbaycanın daxilində və Azərbaycanın ətrafında cərəyan edən proseslər bu potensialı gerçəkləşdirməyə imkan verə bilər. Bunu gerçəkliyə çevirmək üçün möhkəm və ciddi şəkildə işləmək lazımdır. Ortalıqda olan qüvvəni isə yetərsiz hesab edirəm.

Bakıdakı etiraz aksiyalarını kimlər təşkil edir?

Bakıda gənclərin keçirdiyi son etiraz aksiyalarının kimlər və yaxud da hansı qüvvələr tərəfindən təşkil edilməsi haqda müxtəlif fikirlər səsləndirilir. Aksiyaların sosial şəbəkələr vasitəsi ilə təşkil edildiyi əvvəlcədən bəyan olunsa da, bir çoxları bu işdə xarici qüvvələrin rolunun olduğunu istisna etmirlər. “Birmənalı şəkildə demək çətindir ki, bu aksiyaların təşəbbüskarı kimlərdir. Bildirilirdi ki, son aksiyalar sosial şəbəkələr vasitəsilə təşkil olunub. Son aksiyaya diqqət yetirəndə bilinmədi ki, ilk təklif kimdən gəldi, aksiyanın təşkilatçısı kim oldu. Əsgər ölümü ilə bağlı keçirilən ilk aksiya hakimiyyət tərəfindən araşdırılsaydı, növbəti aksiya barədə məlumatlar üzə çıxardı. Belə aksiyalar bundan sonra da olacaq. Biz də baş sındırmalı olacağıq ki, bu aksiyaların arxasında xarici qüvvələr var, yoxsa yoxdur”.


Xalq Cəbhəsi
«Beynəlxalq hüquq separatizmi rədd edir»


Strasburq Universitetinin hüquq elmləri doktoru Dilbadi Qasımov deyib bu sözləri. O “Xalq Cəbhəsi” qəzetinə müsahibəsində bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan bu günlərdə açıqlamasında Dağlıq Qarabağdakı separtçı rejimin tanınmasının vacibliyini qeyd edib. Sözsüz ki, onlar dediklərinə ən azından özləri inansaydılar bu istiqamətdə bütün hüquqi vasitələrdən istifadə edib Dağlıq Qarabağı müstəqil subyekt kimi dünyaya qəbul etdirmiş olardılar. Beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ münaqişəsinin təbiəti aydındır və ortaya çıxmış hər yeni hallarla müqayisə edilməsi hökmən deyil. O, “Dağlıq Qarabağın gələcək statusunu təyin etməzdən öncə həmin ərazi Azərbaycan Respublikasının nəzarətinə qaytarılmalıdır”,- deyə qeyd edib.

Bakı Xəbər
Moskva Qəbələ RLS-lə bağlı yeni siyasətə başlaya bilər


Bağlandıqdan sonra Qəbələ RLS-in gələcək taleyinin necə olacağı hələ dəqiq bilinmir. Azərbaycandakı bu yeganə hərbi obyektini itirdikdən sonra isə şimal qonşumuz onun Bakı tərəfindən hansı qaydada istifadə olunacağına xüsusi diqqət yetirməkdədir. Çünki Bakı stansiyanı başqa hansısa dövlətə icarəyə vermək niyyətinə düşsə, təbii ki, Moskva bunu xoş qarşılmayaraq yenidən təzyiq rıçaqlarını işə salacaq.
Qeyd edilənləri Rusiya İqtisadi Araşdırmalar İnstitutunun (İAİ) direktoru, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Sergey Markovun açıqlamaları da təsdiq edir. O, Qəbələ RLS-in bağlanması faktına münasibət bildirərək, bu məsələnin həllinin mümkünsüz olduğunu deyib: "Rusiya Azərbaycanın Qəbələ RLS-lə bağlı mövqeyinə hörmətlə yanaşır, belə ki, sözügedən radiolokasiya stansiyası müstəqil Azərbaycanın ərazisində yerləşir. Azərbaycan bu müəssisənin taleyini öz maraqları çərçivəsində həll etmək hüququna malikdir. Azərbaycanın bu məsələ barədə mövqeyi düzgün ifadə edilməyib və bu da Azərbaycan və Rusiya arasındakı hərbi əməkdaşlıq sahəsində balansın pozulmasına səbəb olub. Amma dostlar yanıla bilər və səhvsiz dostluq olmur".


Yeni Müsavat
“EL”dəki komanda inqlabi komanda deyil”...


Hüquq-müdafiəçisi Eynulla Fətullayevlə müsahibəmiz oldu. O son günlərdə “El” hərəkatının yaranmasına münasibət bildirərkən qeyd etdi ki:
- Azərbaycanda strukturlaşmış yeni siyasi güc mərkəzinin yaranacağını gözləmirəm. Gəl Eldar Namazovun siyasi komandasının tərkibinə baxaq. 80-90-cı illərdə yüksək vəzifələrdə işləmiş şəxslər, eyni zamanda AXC hökumətində təmsil olunan köhnə məmurlar. 80 yaşı kişiləri, kommunist partiyasının qalıqlarını ətrafına yığıb bunu yeni nəfəsin ifadəsi kimi təqdim etmək hansı dəyişikliklərə gətirib çıxaracaq? Oturuşmuş dünyagörüşü, “proqressiv” baxışları olan 70-80 yaşlı nomenklatura işçiləri Azərbaycana hansı yenilik gətirə bilər? Bu, inqilabi komanda deyil, mühafizəkar komandadır. O hətta bildirdi ki, mühafizəkar komanda ilə inqilab etmək olmaz. Mən bu qurumda anons edilən yeni milli-azadlıq hərəkatının işartılarını görmürəm.

“Əsgər ölümlərinin sayının artmasında maraqlı olanlar var”
Ordudakı əsgər ölümləri məsələsinin gündəmin əsas mövzularına çevrildiyi bir vaxtda baş verənlərə müxtəlif yanaşmalar var. Bəzi ekspertlər ordudakı qeyri-döyüş itkilərində qara əllərin, müdafiə naziri postunu ələ keçirməyə çalışan, hətta ölkə xaricindəki qüvvələrin əlinin olduğunu iddia edir. Son günlər də ordudakı itkilərin səbəblərindən danışılarkən müxtəlif qüvvələrin S.Əbiyevi yıxmaq planlarının olduğundan danışılır. Ancaq belə iddialar birmənalı qəbul olunmur. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov müdafiə naziri postu uğrunda mübarizənin getməsi fikrini bölüşmür. Azad İsazadə deyir ki, neqativ hallar orduda hər zaman olub: “Amma bu proseslə ciddi mübarizə aparılmayıb, profilaktik tədbirlər görülməyib deyə, belə hadisələrin sayı artmağa başlayıb. Amma razıyam ki, ölümlərin sayının artmasında maraqlı olanlar var.



Gündəlik Bakı
“El” hərəkatının ictimai dəstəyə ümid etməsi mənasızıdır”

Bu fikri hakim partiyanın sədr müavini Əli Əhmədov bildirib. Qeyd edib ki, bunun səbəbi çox sadədir. Belə ki, xalq onlara inanmır və etimad göstərmir. Müxalifətin azsaylı nümayəndələrinin birləşməsinin heç nəyi dəyişmədiyini deyən YAP rəsmisi vurğulayıb ki, onların niyyəti bəllidir: Adının “El” olmasına baxmayaraq, həmin təşkilatın ictimai dəstəyə ümid etməsi mənasızdır. Nə bu təşkilatın, nə də ənənəvi müxalifətin Azərbaycanın siyasi mühitinə təsir etmək resursları yoxdur.


Gündəm Xəbər
ARDNŞ şefi İvanaşvilini necə Rövnəqləndirdi


R.Abdullayev Gürcüstandakı baş nazir-prezident ziddiyyətlərinin biznesinə təsirini minimuma endirmək məqsədilə çoxsaylı cəhdlər göstərib və deyəsən artıq bu cəhdlər öz müsbət nəticələrini göstərməkdədi. Qaynağımız iddia edir ki, Socar-ın Gürcüstan fəaliyyətinə əngəl olmamaq üçün Azərbaycan hakimiyyəti İvanaşvili ilə anlaşa bilib.
Elə martın 11-də ARDNŞ prezidenti R.Abdullayevin Gürcüstana səfər etməsi və burada baş nazir B.İvanaşvili ilə görüşdən dərhal sonra paytaxt Tiflisdə iki yanacaqdoldurma məntəqəsinin açılışını etməsi bunun təsdiqidir. Məlumat üçün bildirək ki, həmin görüşdə R.Abdullayev Gürcüstanın baş naziri Bdzina İvanaşvili ilə investisiya imkanlarının genişləndirilməsi barədə müzakirələr aparıb. Tərəflər razılığa gəlib ki, yaxın iki il ərzində ARDNŞ-in Gürcüstandakı qaz yanacaqdoldurma məntəqələrinin sayı 20-yə çatacaq.

Teqlər: