Ukraynada jurnalisti döyənlər tutuldu
Ukrayna Daxili İşlər Nazirliyinin qarşısına böyük aksiya keçirməyə çalışan müxalifət hökumətin istefasını tələb etmişdi. Xarkovda müxalifət nümayəndələrinin 3 maşınının yandırılmasını və Tatyana Çernovolun döyülməsini qabardan müxalifət təcili yeni prezident və parlament seçkilərinin keçirilməsini tələb edir. “UDAR” partiyasının sədri Vitali Kliçko isə bütün ölkə jurnalistlərini Çernovolla həmrəylik nümayiş etdirmək üçün tətil etməyə çağırmışdı.
ATƏT-in söz azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç, Amerika Dövlət Departamenti də hadisə ilə bağlı öz narahatlıqlarını dilə gətirmişdilər. Cinayət işi ilə bağlı yeni açıqlama verən Daxili İşlər naziri Vitali Zaxarçenko hadisəni törətməkdə şübhəli bilinən 3 nəfərdən ikisinin artıq həbs olunduğunu bildirib.
Xatırladaq ki, “Ukraynskaya Pravda” internet portalı ilə əməkdaşlıq edən Tatyana Çernovol iqtidar nümayəndələrini o cümlədən, Viktor Yanukoviçi tənqid edən məqalələrlə çıxış edib. Hadisədən bir neçə gün öncə isə ünvanına hədə dolu məktubların gəldiyin söyləmişdi.
Vüqar İsmayılov