“Azərbaycanda 3 məmurun istefası gözlənilir” – Astroloq

  26 Dekabr 2013    Oxunub : 1344
“Azərbaycanda 3 məmurun istefası gözlənilir” – Astroloq
“At ilində Milli Şura dağılacaq, müxalifətdə parçalanma olacaq”

Tanınmış astroloq Səbuhi Rəhimli qarşıdan gələn At ilin proqnozlarını verib. Astroloqun firkincə, 2014-cü ildə Azərbaycanda siyasi müstəvidə ciddi proseslər baş verəcək. Milli Şura dağırlacaq, yeni liderlər meydana gələcək...

Səbuhi Rəhimlinin AzVision.az-a müsahibəsini təqdim edirik.

- Səbuhi müəllim, qarşıdan gələn At ilində bizi nə gözləyir?

- 2014-cü il göy rəngli, ağac ünsürlü at ilidir. Bəzən buna göy taxta at ili də deyirlər. Bəzi mənbələrdə deyirlər ki, il Novruzdan başlayır. Bu, tamam yalnışdır. Novruzdan başlayan il də var, amma bu, sırf Zərdüştlük astrologiyasıdır. Avesta qoroskopuna görə dünya Novruzda təzələnir, yeni il gəlir. Amma Çin qoroskopuna görə, hər ilin özünün başlanma vaxtı var. 12 illik dövr Yupiterin hərəkətinə uyğun hazırlanıb. İslamda 28 günlük Ay təqvimi olduğu kimi, Çin qoroskopunda da Yupiterin hərəkətinə görə təqvim var. Yupiter sutökən bürcünün aralığında dəyişir. Yəni yanvarın 20-dən fevralın 19-a qədər. Məsələn, 2014-cü il yanvarın 31-i 02:39-da başlayacaq. 2015-ci il fevralın 18-i isə keçi ili başlayacaq. Yəni, bu tarixlərdə astronomik il başlayır.

- Atın rənginin ilin necə keçməsinə hər hansı təsiri varmı?



- Çin qoroskopunda 5 element var, bayaq qeyd etdiyim kimi bu il taxta at ilidir. Bunlar min illik təcrübələrə əsaslanmış şeylərdir. Amma ilin təhvil olduğu heyvanın rəngində, ünsüründə elmi şeylər yoxdur. Məsələn, qara at ili müharibələr, çətinliklər, inqilablar dövrü kimi səciyyələndirirlərsə, göy bir az başqa şeylərə imkan verən ildir. Göy at ili dini baxımdan inkişaf a sirayət edir. İnsanların psixoloji davranışında, bir-birini anlamasında, psixologiyasında tərəqqiyə xidmət edir. Göy rəng olan illərdə texniki tərəqqi demək olar ki, çox olmur. İndi az qala hər ay yeni telefonlar, yeni komputerlər çıxır, amma göy rəng olan illərdə belə şeylər, ixtiralar az olur.

- At ili daha çox hansı sahəyə təsir edəcək?

-Tarixi müşahidələrə nəzər salanda görürük ki, At ili daha çox siyasət ilidir. Ümumiyyətlə bir neçə il var ki, siyasət ilidir. Bu il dünyanın siyasi mənzərəsinin dəyişməsinə xidmət edir. Tarixə nəzər salanda məlum olur ki, At ilində böyük müharibələr olmasa da, əvvəlki illərdə başlanmış prosses sürətlə davam edir və tamamlanır. Məsələn, Ukraynadakı etirazlar İlan ilində başlayıb. Əgər bu aksiyalar davam etsə, yanvarın 31-dən o tərəfə keçsə, sürətlə tamamlanacaq. Yaxud da ki, Suriyada iki ildir ki, qarşıdurmalar davam edir. Amma bu il 100 faiz Suriyadakı proseslər tamamlanacaq. 2015-ci ilin fevralın 18-ə qədər dünya siyasətindən asılı olaraq istənilən vaxt qarşıdurmalar tamamlana bilər. İlan ilində alınmır.
Səhv etmirəmsə, Suriya münaqişəsi Əjdaha ilində başladı. Ona görə də uzun çəkdi. Yeri gəlmişkən bizim Qarabağ münaqişəsi də Əjdaha ilində başlayıb. At ili narazı insanlasrın vəhdətinin yaranması, onların kütləvi etiraza qalxması kimi amillər bu illərdə özünü daha çox qabardır. Amma burada bir amil var ki, onların lider seçmək problemi olacaq. Lidersiz kütlə də heç nə edə bilmir, ancaq dağıdıcılıq olur. Bu, konkret bir ölkəyə yox, bütün dünyaya aiddir.

- Bayaq qeyd etdiz ki, Avesta qoroskopunda yeni il Novruzdan başlayır. Avestada başqa hansı fərqlər var?



- Avesta qoroskopunda 32 il var. Saturn Günəş ətrafında 32 ilə fırlandığına görə Avesta qoroskopu da belə hesablanıb. Bu qoroskop Maral ilində başlayır, Şahin ilində bitir. Avesta daha güclüdür. Amma insanlar daha çox Çin qoroskopuna meyl edir. Avesta qoroskopunda 13 bürc var. Ayları bölsək 12-dir, amma bu qoroskopda martın 15-dən 20-ə qədər olan tarix ayrı bürc hesab olunur. Burada hansı ildə doğulan insanın potensialı nədir, məsələn, hər birimiz ən pis söyüş söyə bilərik, amma elə insan var ki, ömrünün axırına qədər dilinə söyüş gətirmir. Məsələn, şir bürcündə liderlik var, amma eləsi var ki, fəhlənin fəhləsidir, deməli, içindəki o potensialdan istifadə etməyib, onu öldürüb.

- Qayıdaq Çin qoroskopuna, at ilinə... Qeyd etdiz ki, əvvəlki illərdə başlayan münaqişələr at ilində tamamlana bilər. Bu, Qarabağ münaqişəsinə də aiddir?

- Bəzi məqamlarda astrologiya yox, insanlar önəmli rol oynayır. Müxtəlif səbəblərdən danışıqlar pik nöqtəsinə çatanda Ermənistan cığallıq edir, yaxud Azərbaycan danışır və danışıqlar pozulur. Dünyada hər şeyi astrologiyanın vasitsəilə hesablayırlar. Məsələn, hansı vaxtda hücum etmək olar. Müharibə olarsa, bu baxımdan mən də köməklik edə bilərəm. Amma indi elə məqamdır ki, astorologiya burada arxa plana keçir. Siyasi iradə tələb olunur. 2014-cü ildə hansısa müharibə, Qarabağın qaytıması üçün nəisə bir amil yoxdur. Qarabağ probleminin həlli üçün uğurlu astroloji zaman 2012-ci ildən 2013-cü ilin ortasına qədər idi, həmin vaxt da getdi. Artıq münaqişənin üstündən o qədər vaxt keçib ki, Qarabağdan çıxanların övladları Bakı ləhcəsi ilə danışır. Qarabağdan çıxanlar bir-bir zaman keçdikcə rəhmətə gedir və onların övladlarını Qarabağ onların özü qədər çəkmir. Bu, faciədir. Keçən il Mingeçevirdə Xocalıdan olan, 11-ci sinif tələbəsi olan qız laqeydcəsinə o faciədən danışırdı. Atamı öldürdülər, qardaşımı öldürdülər və s. çünki onu öz gözü ilə görməyib.

- Bəs At ili daxili siyasətə necə təsir edəcək? Müxalifət, Milli Şuranı nə gözləyir?

- At ilində Milli Şura dağılacaq. Oradan bir əsas partiya çıxarsa həmin qurum dağılacaq.

- Müsavat Partiyasını nəzərdə tutursuz?



- Yox, konkret partiya adı demirəm. Bəlkə elə AXCP çıxdı? Amma yenə qeyd edirəm, At ilində Milli Şura dağılacaq. At ilində Azərbaycanda yeni liderlərin meydana gəlməsi müşahidə olunacaq. Bundan başqa nazir və nazir ranqlı minimum 3 nəfərin və bir neçə icra başçısının istefası gözlənilir.
Ümumiyyətlə ilin birinci yarısı dünyada və Azərbaycanda siyasi baxımdan gərgin olacaq. 2013-cü illə müqayisədə 2014-cü ildə siyasi cəbhələr arasında qarşıdurma böyüyəcək. 2014-cü il seçki ili kimi aktiv olacaq.

- Bu il kimlər üçün uğurlu olacaq?

- Astrologiyada hər ilin 2 dostu, 1 düşməni var. At ilinin rəqibi Siçan ilidir. Bu belə hesablanır. İlin özündən 6 il sornakı il ona düşməndir. 4 və 8 il sonrakı isə dostdur. Atın dostu it və pələngdir. Yəni, at, it və pələng ilindən olanlar üçün 2014 uğurlu ildir. İl venera ilində təhvil olunduğuna görə sevgidə, izdivacda uğur gətirəcək. Sevgi ilə qurulan evliliklər daha çox olacaq. Məqsədli evliliklərdə isə ayrılıqlar olacaq. Veneranın himayəsində iki bürc var, tərəzi və buğa. Buğanı gündüz idarə edir, tərəzini gecə. Ona görə bu iki bürcü üçün daha uğurlu ildir. Ümumilikdə hava və torpaq ünsürlü bürclər üçün at il daha yaxşı keçəcək. Amma bu, o demək deyil ki, digər bürclər üçün il pis keçəcək. Sadəcə olaraq hava və torpaq ünsürlülər üçün il daha rahat olacaq. Bu il həm də iki ay və iki günəş tutulması var. İlin uğurlu ayları may və oktyabr, uğursuz ayları isə aprel və noyabrdır. İlin rəqəmi 7-dir.

Fatimə Kərimli

Teqlər: