Toplaşmaq qadağandır: Bütün dünyada kütləvi tədbirlər təxirə salınır

  01 Mart 2020    Oxunub : 9303
 Toplaşmaq qadağandır: Bütün dünyada kütləvi tədbirlər təxirə salınır
Koronavirus təhlükəsinə görə dünyada əksər kütləvi tədbirlər təxirə salınır və vaxtı dəyişdirilir. Bu addımlar idmandan tutmuş mədəniyyətə, siyasətdən tutmuş, iqtisadiyyata qədər müxtəlif sahələri əhatə edir.
Şanxayda “Formula-1” qran-prisi baş tutmayıb. Futbol üzrə Asiya Çempionlar Liqasının 6 oyunun vaxtı dəyişdirilib. Bura xüsusilə, İran komandalarının oynayacaqları matçlar daxildir.

Asiyada İrandan qorxduqları kimi, Avropada da İtaliyadan qorxurlar. Qoca qitədə İtaliya komandalarının iştirak edəcəkləri reqbi və futbol oyunları ertələnib.

Ehtimal var ki, əgər epidemiya davam edərək, pandemiyaya çevrilərsə, iyulun 24-nə nəzərdə tutulmuş Tokio-2020 olimpiadasının açılış mərasimi də sual altına düşə bilər. Hələlik isə olimpiya məşəli ilə marafon təxirə salınıb.

Koronovirus dini mərasimlərə də toxunub: Səudiyyə Ərəbistanı zəvvarların Məkkə və Mədinəyə gəlişini müvəqqəti olaraq yasaqlayıb.

Virus qorxusundan təxirə salınan ən böyük beynəlxalq tədbirlərdən biri Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) və ABŞ-ın martın 14-nə nəzərdə tutulmuş Las-Veqas Sammitidir.

Parisdə 44 min idmançının iştirakı ilə keçiriləcək yarımmarofon yürüşü təxirə salınıb. Fransa hökuməti ümumiyyətlə, 5 mindən çox insanın bir yerə toplaşması gözlənilən istənilən tədbiri qadağan edib. Nəticədə Kann şəhərində investisiya sərgisi, Ansidə karnaval, Parisdə kənd təsərrüfatı sərgisi keçiriləsi olmayıblar.

Oxşar addımları İsveçrə və Almaniya hökumətləri də atıblar. ITB Berlin 2020 beynəlxalq turist yarmarkasının rəhbərliyi də həmçinin, koronovirusdan ehtiyatlanaraq, açılışı sonraya keçirib.

İsveçrədə 1000 nəfərdən çox insanın toplaşacağı bütün tədbirlər yasaqlanıb. Buna görə 600 mindən çox insanın iştirakı gözlənilən Cenevrə avtosalonu təxirə salınıb.

Mart ayına gözlənilən Facebook konfransı da virus qorxusu səbəbindən baş tutmayan tədbirlərin arasındadır.

Tariyel Həsənov
Azvision.az

Teqlər: Koronavirus