“Qarabağ münaqişəsi diplomatik yolla həl olunmalıdır” - ABŞ rəsmisi

 “Qarabağ münaqişəsi diplomatik yolla həl olunmalıdır” -  ABŞ rəsmisi
  03 Mart 2020    Oxunub:2854
ABŞ-ın mövqeyi bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi hərbi həll yolu ola bilməz. Münaqişə diplomatik yolla həllini tapmalıdır.

Azvision.az xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki Daimi nümayəndəsi Ceyms Gilmore deyib. Onun sözlərinə görə, münaqişənin nizamlanması ilə Minsk qrupu məşğul olur.
“Mən həm Azərbaycanın, həm də Ermənistanın Vaşinqtondakı səfirləri ilə görüşdüm. Hər iki diplomatla ayrılıqda görüşdə onlar ölkələrində münaqişənin nizamlanmasını necə gördükləri barədə danışdılar. Birləşmiş Ştatlar sadəcə olaraq, Qarabağ probleminin hərbi həll yolunun olmadığını qəbul etdi. Deməli, münaqişə diplomatik yolla həll olunmalıdır.

Minsk qrupunu Rusiya, ABŞ və Fransa təmsil edir. Mən əvvəllər həmsədrlərlə görüşmüşəm. Düşünürəm ki, yenidən onlarla görüşəcəyik. Diplomatik yolla danışıqlar davam etdikcə, biz cəbhədə gərginləşməni görməyəcəyik.

Beləliklə, bizim mövqeyimiz vəziyyətin stabil saxlanılması, tərəflər arasında danışıqların davam etdirilməsi və münaqişənin hərbi deyil, diplomatik həll yolunun tapılmasından ibarətdir”, - deyə ABŞ diplomatı vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Qarabağ  





Xəbər lenti