AMEA-da yeni kadr təyinatları olub

AMEA-da yeni kadr təyinatları olub
  03 Mart 2020    Oxunub:2631
Martın 3-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının iclası keçirilib.
Azvision.az xəbər verir ki, İnformasiya Texnologiyaları İnstitutunda təşkil olunan tədbirdə AMEA-nın vitse-prezidenti, FRTEB-in sədri, akademik Rasim Əliquliyev, Elmi Şuranın üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və qonaqlar iştirak ediblər.

Öncə akademik Rasim Əliquliyev gündəlikdə yer alan məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra bir sıra elmi-təşkilati məsələlərə baxılıb. AMEA Rəyasət Heyətinin “AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2019-cu il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında” qərarından irəli gələn vəzifələrlə bağlı məlumat verən akademik Rasim Əliquliyev bölmə və onun elmi müəssisələrinin 2020-ci il üçün Fəaliyyət planının hazırlanıb bir ay müddətində AMEA Rəyasət Heyətinə təqdim olunmasının vacibliyini vurğulayıb.

FRTEB-in sədri, həmçinin Rəyasət Heyətinin adıçəkilən qərarından irəli gələn bir sıra mühüm elmi və elmi-təşkilati məsələlərdən də söz açıb. Alimin sözlərinə görə, bölmənin elmi müəssisələrində əldə olunmuş innovativ potensiallı elmi nəticə və nailiyyətlərin tətbiqinə xüsusi diqqət yetirilməsi, intellektual məhsulların kommersiyalaşdırılmasının və digər qurumlarla münasibətlərin müəllif hüquqları, intellektual mülkiyyət hüquqları və digər normativ-hüquqi sənədlərin tələbləri çərçivəsində həyata keçirilməsi, beynəlxalq və respublika səviyyəli qrantlarla (Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Dövlət Neft Şirkətinin “Elm” Fondu və s.) fəaliyyətin gücləndirilməsi, eləcə də beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, nüfuzlu elmi mərkəzlərlə birgə tədqiqatların aparılması və meqalayihələrdə fəal iştirakın təşkili cari ildə qarşıda duran əsas prioritet məsələlərdəndir.

İclasda digər elmi-təşkilati məsələlərə də baxılıb. AMEA-nın 75 illik yubileyilə əlaqədar təkliflər müzakirə olunub, akademik Fəraməz Maqsudovun 90 illik, akademik Adil Qəribovun 70 illik yubileylərinin keçirilməsi barədə müvafiq qərarlar qəbul edilib.

Daha sonra Elmi Şura akademik Telman Əliyevin, texnika elmləri doktorları – Abbas Rzayev və Sakit Rəsulovun həmmüəllifi olduqları “Zəlzələlərin yaranma mexanizmi, monitorinqi və proqnozu” kitabı, o cümlədən texnika üzrə fəlsəfə doktoru Nərmin Rzayevanın “Ürək-damar sistemində baş verən dəyişikliklərin robast monitorinq sistemi”, texnika üzrə fəlsəfə doktoru Elşən Mustafayevin “Çap əlyazma mətnlərini tanıma üsulları”, texnika üzrə fəlsəfə doktoru İcabikə Sərdarovanın “Qazlift neftçıxarmasında eksperimental tədqiqatların idarə edilməsi” və texnika üzrə fəlsəfə doktoru Oqtay Mirzəyevin “Dozator-konveyerlərdə rəqəmsal idarəetmə” monoqrafiyalarının nəşrə tövsiyə olunmasını qərara alıb.

Elmi Şuranın digər qərarına əsasən, AMEA və Fransanın Monpelye Universiteti arasında ikili doktorantura proqamı üzrə imzalanmış Saziş çərçivəsində 2019-cu ildə elan edilən müsabiqənin qalibi, AMEA Fizika İnstitutunun kiçik elmi işçisi Səid Paşayevin Fransa Respublikasının Monpelye Universitetinə ezam olunur.

İclasda bir sıra kadr məsələləri də müzakirə olunub. Fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Axundov AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə tövsiyə olunub. AMEA Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva və institutun elmi katibi, fizika üzrə fəlsəfə doktoru Musa Nuriyev növbəti beş il üçün həmin vəzifələrə tövsiyə olunublar. Elmi şura tövsiyə olunan namizədlərin müvafiq vəzifələri tutmaları, AMEA Riyaziyyat və Mexanika İnstitutunun təklif etdiyi namizədlərin müvafiq şöbə müdiri, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrinə təsdiq olunmaları barədə qərar qəbul edib.

Sonra Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının FRTEB-in elmi müəssisələrində mövcud olan Elmi şuralarının yenidən formalaşdırılması və tərkibinin müəyyən olunması, eləcə də bir sıra mühüm məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

Azvision.az


Teqlər: AMEA  





Xəbər lenti