“Paşinyan hakimlərə müharibə elan edib” - Tomas de Vaal

 “Paşinyan hakimlərə müharibə elan edib” -  Tomas de Vaal
  06 Mart 2020    Oxunub:2511
"Son bir ildə Nikol Paşinyan hökuməti Ermənistanın yüksək instansiya hakimlərinə qarşı müharibə elan edib. O, aprelin 5-də islahat gündəliyini pozmaqda günahlandırdığı Konstitusiya Məhkəməsinin 9 hakimindən 7-nin vəzifəsindən azad edilməsi ilə bağlı ümumxalq səsverməsi təyin edib"
Azvision.az xəbər verir ki, bu fikirlər Karneqi Beynəlxalq Fondunun Qafqaz üzrə eksperti Tomas de Vaalın Ermənistanın məhkəmə sistemindəki vəziyyətlə bağlı məqaləsində yer alıb.

Ekspertin sözlərinə görə bu, siyasətçilərin qanunun aliliyinə hücumudur. O xatırladıb ki, ötən ay Venesiya Komissiyasının sədri hər iki tərəfi Ermənistanda konstitusiyanın normal fəaliyyətini təmin etmək üçün təmkinli olmağa və gərginliyi azaltmağa çağırıb.

De Vaal hesab edir ki, Paşinyanın hakimiyyətə gəlişindən sonra əsas məqsədi keçmiş prezident Robert Koçaryanı həbs etmək idi.

“1 mart 2008-ci il nümayişləri zamanı Paşinyan müxalifətə rəhbərlik edib, bundan sonra 16 ay müddətinə həbs olunub. Koçaryan isə 2018-ci ildə Paşinyan hakimiyyətə gəldikdən sonra həbs edilib. Koçaryan konstitusiya quruluşunu devirmək maddəsi ilə ittiham olunur.

Bu iş məhkəmə sistemini ölkənin keçmiş və hazırkı rəhbərləri arasında qarşıdurmanın mərkəzində qoyub. May ayında birinci instansiya məhkəməsi Koçaryanın həbsdən azad edilməsinə qərar verdi, çünki keçmiş prezident kimi onun toxunulmazlığı var.

Paşinyan açıq şəkildə bu qərarı qınadı və tərəfdarlarını etiraz olaraq məhkəmələrin qapılarını bloklamağa çağırdı.
Sentyabr ayında Konstitusiya Məhkəməsi Koçaryanın lehinə qərar verəndə, baş nazir hökmü qanunsuz adlandıraraq, Konstitusiya məhkəməsinin sədri Hrayr Tovmasyanın vəzifəsindən uzaqlaşdırılmasına çağırıb", deyə Qafqaz üzrə ekspert əlavə edib. .

O vurğulayıb ki, aprel referendumu ilə Paşinyanın köhnə məhkəmə üzvlərini öz tərəfdarları ilə əvəz etməyə çalışması niyyəti narahatlıq yaradır: "Vahe Qriqoryan - Paşinyanın təyin etdiyi hakim 1 mart işinin qurbanlarının vəkili olub. Yeni ədliyyə naziri 28 yaşlı Rustam Badasyan da əvvəllər Paşinyanla birlikdə işləyib".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan   Tomas-De-Val  





Xəbər lenti