“Heç nədən qorxmurdum, hər bir riskə gedirdim” - Əməkdar artist
Bu gün Əməkdar artist Hicran Nəsirovanın doğum günüdür. 62 yaşını qeyd edən aktrisa özəl günü ilə bağlı təəssüratlarını Azvision.az-la bölüşüb.
- Hər yaşın öz gözəlliyi var. Kədərlənmirəm, sarsıntı keçirmirəm. Ağbirçək olmaq vaxtına gəlib çatmışam. Əsas odur ki, insanın sevdikləri yanında olsun. Allah hamıya cansağlığı versin.
-Bəs gənclik illəri? O illərin gözəlliyini bir də dadmaq istərdinizmi?
- Həmişə gənclik illərim üçün darıxıram. Kaş o illər olaydı. Onda insan həyata başqacür baxır. O zaman daha sağlam idim, canım ağrımırdı. Qorxum olmurdu, hər bir riskə gedirdim. Yaşlandıqca suyu da üfürə-üfürə içirsən.
- Belə bir söz də var ki, “Yaşım çox olsa da, ruhum cavandır”. Sizcə, bu təsəllidir, yoxsa doğrudan da belədir?
- Ruh cavan qala bilir. Mənim qaynanam ruhu şad qadın idi. Tünd rəngli paltarlar geyinirdi. Deyirdim, yaşına baxmır, gör necə rənglər geyinir. İndi özüm onun yaşına çatmışam, fikirləşirəm ki, insanın ruhu necə doğulur elə də qalır. Yeri gələndə uşaqlıq, yeri gələndə isə cavanlıq etmək istəyirsən. Cism qocalır və sənə imkan vermir.
- Ruhunuzun neçə yaşı olar?
- Bilmirəm. (gülür). Onu qıraqdan baxan deyər.
- Bu gün özünüz haqqında nə fikirləşirisiniz?
- Mənim bir diləyim var ki, Allah canımı ağrıtmasın, balalarıma sağlam və uzun ömür versin.
- Bu gün sizi necə təbrik etsələr və ya nə hədiyyə etsələr ürəyinizcə olar?
- Diqqət göstəriləndə bilirəm ki, yaşayıram, kimlərsə məni sevir. Ən pisi odur ki, unudulasan. Səhər tezdən nəvələrim mesaj yazır, axşam da bizə gələcəklər.
- Azərbaycan xanımı kimi qolunuzu çirmələyib nəvələriniz üçün plov süzəcəksinizmi?
- Yox. Ailəmlə birlikdə başqa yerdə qeyd edəcəyik. Çünki son vaxtlar səhhətim buna imkan vermir. Yoruluram. Çox şey etmək istəyərəm. Amma görürəm ki, gücüm çatmır.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Əməkdarartist