Danışılmış oyunlarla bağlı görüş keçirildi

  11 Mart 2020    Oxunub : 1492
Danışılmış oyunlarla bağlı görüş keçirildi
UEFA və Premyer Liqa yarışlarında iştirak etmək üçün tətbiq olunan Lisenziyalaşdırma qaydalarının “B” meyarına uyğun olaraq, Azərbaycan Premyer Liqası və I Divizionda mübarizə aparan klubların danışılmış oyunlara qarşı mübarizə üzrə təyin olunmuş nümayəndələri ilə görüş keçirilib.
Azvision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir kİ, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsi haqqında seminar iştirakçılarına məlumat verilib.

Onlara mövsüm ərzində UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi ilə birgə klublarda fəaliyyət göstərən bütün komandalar üçün danışılmış oyunların qarşısının alınması istiqamətində biliklərin artırılması məqsədilə müxtəlif təlim-tədris materiallarından (video, təqdimatlar, bukletlər, təlim-tədris proqramları, köməkçi materiallar və s.) istifadə etməklə maarifləndirici treninqlərin keçirilməsi tapşırılıb.

Məsul şəxslərin sualları cavablandırılan zaman bildirilib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda əlavə edilmiş linkə daxil olub, göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvanlara məlumat göndərə bilərlər: https://www.affa.az/index.php/news/danlm-oyunlar-v-oyun-nticlrinin-manipulyasiyas/59967

Azvision.az

Teqlər: AFFA