Kirayədə yaşayanlar övladlarını I sinfə qeydiyyatdan necə keçirə bilər?

Kirayədə yaşayanlar övladlarını I sinfə qeydiyyatdan necə keçirə bilər?
  11 Mart 2020    Oxunub:3203
Təhsil Nazirliyi Bakı şəhəri üzrə I sinfə qəbul zamanı paytaxtda daimi qeydiyyatı olmayan, kirayədə yaşayan vətəndaşların uşaqlarını elektron sistemdə qeydiyyatdan keçirməsi qaydasını açıqlayıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Bakıda üstünlük hüquqlarına əsasən qəbul tətbiq olunan məktəblərdə, ilk növbədə, valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən, bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

Üstünlük hüquqlarına əsasən qəbul aparılan məktəblərin ərazisində kirayədə yaşayanlar övladlarını yalnız əvvəlcədən müəyyənləşdirilmiş müddətdən sonra həmin tədris ocaqlarında açılan I siniflərdə yer olduğu halda qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə kirayədə yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Kirayədə yaşayan valideynlər üstünlük hüquqlarına əsasən qəbul tətbiq olunmayan bütün məktəblərdə övladlarını I sinfə elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti