“Dünyanın xoşbəxti mənəm...”- Zeynəb Xanlarova

 “Dünyanın xoşbəxti mənəm...”- Zeynəb Xanlarova
  28 Dekabr 2013    Oxunub:9767
Bu gün Azərbaycanın xalq artisti Zeynəb Xanlarova 77 yaşını qeyd edir.
Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakıda dünyaya göz açıb. M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini (1956) və A.Zeynallı adına Bakı Musiqi Texnikumunu (1961) bitirib. 1961-ci ildən Opera və balet teatrının solistidir.

O, 1975-ci ildə Azərbaycan Respublikasının Xalq artisti, 1980-ci ildə SSRİ Xalq artisti adlarına, 1985-ci ildə isə Azərbaycan SSR Dövlət mükafatı laureatına layiq görülüb.

Z. Xanlarova dünyanın ən möhtəşəm konsert salonlarında, radio dalğalarında milyonlarla ürəyi fəth edən sehrkar bir səsə malikdir. Bu səsi ilə Azərbaycanı bütün dünyada tanıdıb. Qastrol səfərləri zamanı dilindən, dinindən, əqidəsindən asılı olmayaraq hər yerdə - Avropada, Asiyada, Afrikada, Amerikada eyni hərarətlə qarşılanır, eyni coşqunluqla alqışlanır.

O, Yəmən, Əfqanıstan, Əlcəzair, Türkiyə və bir sıra başqa ölkələrdə yüksək təltiflərə, "Şərəf nişanı", "Xalqlar dostluğu", "Şöhrət" ordeni, "İstiqlal" ordenlərinə layiq görülüb.

Zeynəb Xanlarova əvəzsiz bir ifaçı olmaqla, Azərbaycan Akademik Opera və Balet teatrının səhnəsində baş rollar oynayıb, sənət möcüzələri yaradıb. Onun Leylisi, Əslisi, Şahsənəmi teatr tariximizin səhifələrində adəbi qalacaq obrazlardır.

Onun XX əsr Azərbaycan ifaçılıq sənətində bəlkə də heç kəsin heç zaman qalxa bilməyəcəyi bir zirvəsi var. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının və şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarındandır. O, həmçinin bir sıra mahnıların müəllifidir.

Zeynəb Xanlarova Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) deputatı olub, Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.


Qalereya




Teqlər:  





Xəbər lenti