Çin çoxuşaqlılığa yaşıl işıq yandırdı

Çin çoxuşaqlılığa yaşıl işıq yandırdı
  28 Dekabr 2013    Oxunub:968
Çin qanunvericiləri “bir uşaq – bir ailə” siyasətini zəiflətmək qərarına gəliblər.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Çin uzun illər ölkədə doğumu məhdudlaşdıran siyasətində dönüş edib. 1970-ci illərin sonlarından həyata keçirilən bu siyasət ölkə əhalisinin artımını məhdudlaşdırmaq üçün bir vasitə idi. Yeni dəyişikliyə əsasən hər ailənin hər iki üzvü öz ailələrində tək uşaq olublarsa, onlara iki uşaq sahibi olmağa icazə veriləcək. Müvafiq qanun layihəsini Çinin ən ali qanunverici orqanı – Çin Xalq Nümayəndələri Məclisinin daimi komissiyası qəbul edib. Əgər Məclis də qanunun dəstəkləyərsə, onda qanun bütün ölkə ərazisində qüvvəyə minəcək.
Müşahidəçilərin fikrinə görə Çin doğumla bağlı məhdudiyyətləri zəiflətməklə 2 problemin həllinə çalışır.
Birincisi, “bir uşaq – bir ailə” siyasəti ölkədə kifayət qədər narazılıq doğurur.
İkincisi isə hökümət əhalinin sürətlə yaşlaşmasının qarşısını almağa çalışır. Demoqrafların hesablamalarına görə 2050-ci ildə ölkə əhalisinin 25%-i 65 yaşından yuxarı yaş qruplarında olacaq. Bu isə sürətlə artan Çin iqtisadiyyatı üçün problemlər yaradacaq.
Hazırda Çin Xalq Respublikasının əhalisi 1 milyard 349 milyon nəfərdir.


Teqlər:  





Xəbər lenti