Koronavirusa yeni yoluxma halları azalır - STATİSTİKA

Koronavirusa yeni yoluxma halları azalır -  STATİSTİKA
  18 Mart 2020    Oxunub:13826
Bu günədək dünyada 198 min 587 nəfər yeni növ koronavirusa yoluxub.

Azvision.az Worldometers.info -a istinadən xəbər verir ki, indiyədək virusa yoluxmuş 7988 xəstə ölüb. 82 min 779 nəfər sağalıb. Yerdə qalan 107 min 820 nəfərdən 101 min 405-nin vəziyyəti qənaətbəxş hesab olunur. 6415 xəstənin durumu orta-ağır qiymətləndirilir.
Son məlumatlara görə, koronavirusa dünyanın 166 ölkəsində rast gəlib. Virusa ən çox yoxulma halı Çində (80894 nəfər) qeydə alınıb. Bu ölkədə virusdan ölənlərin sayı 3237 nəfərə çatıb. Son 12 saat ərzində yoluxanların sayı 13 nəfər olub. Hesabat saatında 11 nəfər dünyasını dəyişib.

Koronavirusun yayılmasına görə ikinci sırada İtaliyadır. Bu ölkədə 31 min 506 nəfər xəstə qeydə alınıb. Onlardan 2503 nəfəri dünyasını dəyişib. Hesabat müddətində yeni yoluxmaya rast gəlinməyib.

Üçüncü sırada yer alan İranda 16169 nəfərdə virus aşkarlanıb. Xəstələrdən 988 nəfəri ölüb. Son 12 saat ərzində yeni yoluxma faktı qeydə alınmayıb.

Dördüncü yerdə qərarlaşan İspaniyada 11826 virusa yoluxma baş verib. Onlardan 533 nəfər dünyasını dəyişib. Son 12 saat ərzində yeni yoluxma halı aşkarlanmayıb.

Siyahıda beşinci olan Almaniyada 9367 nəfər virusa yoluxub ki, onlardan 26-sı ölüb.

Altıncı yerdə qərarlaşan Cənubi Koreyada isə 8413 virusa yoluxma təsdiqlənib. İndiyədək 84 nəfər dünyasını dəyişib. Son 12 saat ərzində 93 nəfər virusa yoluxub və 3 nəfər ölüb.

Siyahının yeddinci pilləsində yer alan Fransada 7730 nəfər virusa yoluxub, 175 nəfər ölüb.

ABŞ-da 6515 nəfər koronavirusa yoluxub, 115 nəfər dünyasını dəyişib. Son 12 saat ərzində 104 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər ölüb.

Ümumilikdə isə son 12 saat ərzində Çin daxil olmaqla digər ölkələrdə 370 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər virusdan dünyasını dəyişib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti